Quba rayonunun 2-ci Nügədi kəndində Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan zabiti Rəhim Mikayılov ilə vida mərasimi keçirilib.
“Report” xəbəri verir ki, vida mərasimində şəhidin yaxınları ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Vida mərasimindən sonra şəhid baş leytenent kənd qəbristanlığında torpağa tapşırılıb.
R.Mikayılovun tabutunun büküldüyü Azərbaycan Bayrağı onun atasına təqdim olunub.
Qeyd edək ki, baş leytenant Mikayılov Rəhim Qabil oğlu 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərək zirvəyə Azərbaycan bayrağı sancan hərbçilərədn biri olub.
Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmasa da, sonradan onun şəhid olduğu təsdiqlənib.
R.Mikayılov ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.