Vətəndaşlar 28 Mayı niyə bayram məclisləri ilə qeyd etmirlər?

 Sovet dövrünü yaşayanlar günlərlə “mayovka” sevgisilə 1 may bayramına hazırlaşmalarını yaxşı xatırlayır. Ölkəni başdan-başa bürüyən nümayişlərinsə “Yaşasın 28 aprel və 1 may bayramları” şüarı altında keçirildiyini də.

Milli Müstəqillik Günümüzün sevdasını gözləyənlərsə sanki yalnız dövlət qurumları və bir qrup ziyalıdır. İllərdir bu prosesi müşahidə edir, ümummilli bayramımızın adi vətəndaşlar arasında sönük şəkildə qarşılandığını görürəm. “Mayovka” eşqilə alışıb-yananların 28 mayı toy-bayrama çevirməsinə mane olanmı var?  Əlbəttə ki yox. Əgər o zamankı sevgi may ayının təzahürlərindən qidalanırdısa, may elə həmin maydır, üstəlik havalar da mayın 1-i, 2-si ərəfəsinin yağışlı günləri kimi davam edir.

Hələ 2013-cü ildə yazmışdım ki, “Dövlətçiliyin təfəkkürlərdə özünə yer alması sualına son vaxtlar cavab axtaranlarla rastlaşıram tez-tez. Əyani sübutdur Şirməmməd müəllim. Mir Şahinin israrla “milli dövlətçiliyin gəncliyin şüurlarında yer eləməsi” sualına “80 faiz yox” cavabını verən tədqiqatçı-professorun qənaətini “bu, 28 May Respublika Günü (o zaman Milli Müstəqillik Günü hələ Respublika Günü adlanırdı. – N.Z.) Novruz bayramı səviyyəsində qeyd ediləcəyi zaman baş verəcək” şəklində izahı isə yəqin ki, hamımıza dərs olmalıdır. İbrət dərsi. Özü də bunu müəllim söyləyəndə. Hamının müəllimi”.

Amma o zamanlar Qarabağ işğal altında idi. Ürəklər açılmırdı. Kütləvi həvəssizlik vardı. Üstəlik qaçqın-köçkün problemləri, dünyada ermənilərə qarşı apardığımız ideoloji savaşlar, əl-qolumuzu açmağa imkan verməsələr də mütəmadi pozulan atəşkəs, müharibənin dondurulmasına rəğmən əsgərlərimizin yaralanması, şəhidlərimizin olması, ən başlıcası isə uduzduğumuz müharibə, tapdanmış namus-qeyrət, yaxınınına belə düşə bilmədiyimiz Qarabağ, Şuşa…

…İndi isə böyük Zəfərimiz, gözlərimiz önündə çiçəklənən Qarabağ, Azərbaycanın dövlət başçısı İlham Əliyevin vaxtaşırı reallaşdırdığı şəhərlərimizin, kəndlərimizin, məscidlərimizin, mədəniyyət mərkəzlərimizin təməlqoyma mərasimləri, hazır yaşayış məskənlərinin açılışları, Qarabağa qayıdış, geriyə – yurda, evə köç və s.

Bəs nədəndir ki, ölkə vətəndaşları dəstə-dəstə yığışıb bir yerə 28 may kimi böyük tarixi qeyd etmirlər?

Qeyd etdiyim kimi şübhəsiz ki, prezidentin tapşırığı əsasında dövlət qurumları səviyyəsində anım mərasimləri, hətta atəşfəşanlıq da təşkil edilir. Orta məktəblərdə 28 maya bir neçə gün qalmış müxtəlif səpkili tədbirlər keçirilir. Əksəriyyətin ovqatında isə bu gün ancaq “qeyri-iş günü” kimi doyunca yatmaq, istirahət etmək sevdasının gerçəkləşməsindən o tərəfə keçmir. Mərhum professor Şirməmməd Hüseynovun söylədiyi kimi Novruz bayramı səviyyəsində olmasa da, Azərbaycan gəncliyi bu bayramın ucalığını dərk edərək onun mahiyyətini hər addımda hiss etməli, bu günün əsl bayrama layiq bütün çalarlarını qeyd etməkdən zövq almalıdır.

Qalibiyyət dadmış xalqımız müstəqil dövlətin də gətirdiyi başucalıqların fərqində olmalıdır ki, gələcək nəsillər onu daha ürəklə sevib qoruya bilsinlər. Müstəqil dövlətin vətəndaşıyıq. Müstəqil dövlətimiz, öz iqtisadiyyatımız, öz siyasətimiz var. Bu, yüzlərlə “mayovka”lardan yüksəkdə dayanan sevinc duyğusudur.

Milli Müstəqillik Gününüz, bayramınız mübarək!

Nəzirməmməd Zöhrablı

Azpost.info   

Əvvəlki məqalə

Sabiq deputat Nazim Bəydəmirlinin məhkəmə prosesi keçirilib

Sonrakı məqalə

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib