“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib. Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.
Onun sözlərinə görə, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldikdən hesablanır: “İcazələrin məqsədinə dair 3 kod təyin edilib. 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür. Belə ki, nümunə olaraq ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etməyə dair icazə əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşları 2 AZE 1111111 məzmunlu SMS-i 8103 qısa nömrəsinə göndərməlidirlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər”.
C.Salmanov deyib ki, vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmətin” 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər: “Vətəndaşlardan xahiş edirik ki, SMS üçün yarım saat, 1 saat əvvəldən müraciət etsinlər. Maksimum 1 saata qədər cavab SMS-i gələcək. O müddətdə cavab SMS-i gəlmədikdə bununla bağlı vətəndaşlar Çağrı Mərkəzinə zəng vurub məlumat verə bilərlər. Vətəndaş aptek və ya ərzaq almaqla bağlı icazə alıb evdən çıxıbsa, digər məsələlərlə bağlı fəaliyyət göstərməsi karantin rejimini pozmuş sayıla bilər. Yalnız cavab SMS-i gəldikdən sonra vətəndaş evdən çıxa bilər”.
Sədr müavini deyib ki, DİN əməkdaşlarının yoxlamaları zamanı aşkarlanan və icazələr sisteminin tələblərinə əməl etməyən şəxslər hüquqi məsuliyyət daşıyırlar.