Vətəndaşların neçə faizi toyda koronavirusa yoluxmaqdan qorxmur? –STM-in sorğusu

 Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların COVID-19 pasportu, vaksinasiya, ilin ilk altı ayına və toylara münasibətlərini öyrənib.

Azpost.info bildirir ki, STM bununla bağlı rəy sorğusunun nəticələrini açıqlayıb.

22 iyun 2021-ci il tarixdə Nazirlər Kabineti yanında Operativ Qərargah şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Rəyi öyrənilənlərin adıçəkilən qərara münasibəti əsasən müsbətdir (69.0%). Yalnız 13.0% bu qərarla razı deyil. Bu qərara münasibət regionlar üzrə fərqlənir. Belə ki, Bakı, Abşeron və Gəncə-Daşkəsən, Qazax-Tovuzda respondentlərin ən azı 85.0%-i sözügedən qərarı dəstəklədiyi halda, bu göstərici Şəki-Zaqatalada 68.0%, Lənkəran-Astarada isə 73.0% təşkil edib.

Toyların keçirilməsi şərtlərinə dair mövcud qaydalardan respondentlərin 36.0%-i “tam razı”, 35%-i isə “əsasən razı” olduğunu bildirib. Əhalinin əsaslı hissəsinin bu qərara müsbət münasibətini bir neçə amillə açıqlamaq olar – həmin qaydaların toy təşkilatçıları və iştirakçıların sağlamlıqlarının qorunmasına xidmət etməsi, toylarla əlaqəli olan adət-ənənələrin qoruyub-saxlanılmasına imkan verməsi və ailələrin qurulmasındakı əngəllərdən biri olan karantin məhdudiyyətinin qüvvədən düşməsi.

Respondentlərin təxminən yarısı (48.0%) həmin mərasimlərdə  iştirak zamanı COVID-19-a yoluxmaqdan heç qorxmur. Qadınların 62.0%-i, kişilərin 38.0%-i müxtəlif dərəcələrdə qorxur. Yaş artdıqca qorxu nisbətən artır.

Maraqlıdır ki, hər dörd nəfərdən biri dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirib ki, bunun da əsas səbəbi kimi COVID-19-a yoluxmaq qorxusu qarşıya çıxır (47.0%). Təxminən 12.0% respondent maddi amil səbəbindən toyda iştirak etmək istəmədiyini deyib. Dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirənlər daha çox təqaüdçülər arasında yayılıb (40.0%). Toyda iştirak etmək ehtimalının aşağı olduğunu deyən respondentlərin 17.0%-i, ehtimalın heç olmadığını deyən respondentlərin isə təxminən yarısı virusa yoluxmaqdan çox və ya qismən qorxur.

Mərasimlərdə virusa yoluxmaqdan heç qorxmadığını deyənlərin 62.6%-i toyda iştirak etmək ehtimalının olduqca yüksək olduğunu deyib. Ümumiyyətlə, yoluxma qorxusu ilə  dəvət edildiyi təqdirdə toyda iştirak etmək ehtimalı arasında tərs mütənasib korrelyasiya mövcuddur – qorxu artdıqca iştirak ehtimalı azalır.

Toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaların qüvvədə olduğu dövrdə tez-tez müzakirə edilən məsələlərdən biri də mərasimlərin keçirilməsi bərpa olunduğu təqdirdə həmin tədbirlərin fərqli üslubda keçirilib-keçirilməyəcəyi idi. Rəyi öyrənilənlər arasında bu məsələyə dair fikir ayrılığı müşahidə edilib. Belə ki, 36% və 37% respondent müvafiq olaraq toyların və yasların məhz əvvəlki qaydada keçiriləcəyi, 45% və 55% respondent isə daha sadə təşkil ediləcəyi qənaətini bölüşür.

Sorğu Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1072 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilən regionlar sorğuda əhatə edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NAXÇIVANDA ATƏŞKƏS POZULUB –

Sonrakı məqalə

Avropa İttifaqı yanğınla mübarizə üçün Türkiyəyə təyyarələr göndərdi