“Varlı ölkələr vaksinləri topdansatışla alır, kasıb dövlətlər kənarda qala bilər” –ÜST xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri COVID-19 virusu əleyhinə vaksin istehsalçılarını öz məhsullarını, ilk növbədə COVAX layihəsi – peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünə yönəlmiş beynəlxalq əməkdaşlıq proqramı – vasitəsilə yaymağa çağırıb.

ÜST-nin Baş direktoru doktor Tedros Qebreyesus bu fikri brifinqdə səsləndirib. O bildirib ki, ÜST əvvəlcə vəd edilmiş 2 milyard doza vaksini COVAX proqramı vasitəsilə ala bilmir. Çünki varlı ölkələr istehsalçı şirkətlərlə ikitərəfli sazişlər bağlayır və vaksinləri topdansatış qaydasında alırlar.

Doktor Qebreyesusun sözlərinə görə, hazırda dünyada təhlükəsiz və səmərəli preparatlardan istifadə etməklə peyvəndləmə kampaniyalarına cəmi 42 ölkə başlayıb. Bu ölkələrin 36-sında gəlirlər yüksək səviyyədə, 6 ölkədə orta səviyyədədir.

O deyib: “Göründüyü kimi, orta gəlirli ölkələrin çoxunda hələ vaksin yoxdur, gəlir səviyyəsi aşağı olan ölkələrin əksəriyyətində isə vaksinlə bağlı ciddi problem yaranır. Biz COVAX və “ACT-Accelerator” proqramları vasitəsilə bu problemi həll edə bilərik və etməliyik.

Lakin varlı dövlətlər vaksinlərin çox hissəsini alıblar, bir sıra ölkələr isə, – hətta COVAX proqramına qoşulmuş dövlətlər də, – öz əhalisini vaksinlərlə təmin etmək üçün istehsalçı şirkətlərlə ikitərəfli sazişlər bağlayırlar. Nəticədə vaksinlərin qiyməti bütün alıcılar üçün artır, bu isə o deməkdir ki, ən yoxsul ölkələrin ən imkansız sakinləri yaxın gələcəkdə vaksin ala bilməyəcəklər”.

Doktor Tedrosun sözlərinə görə, pandemiyaya qarşı mübarizə üçün qəbul edilmiş qaydaların pozulması bəzi adamlar üçün adət halı alır, sonra isə başqaları da ondan nümunə götürür və sonda cəmiyyətin infeksiyadan qorunması sistemi pozulur. ÜST rəhbəri daha sonra deyib: “Hər kəs bunu anlamalıdır ki, o da virusu dayandıra bilər. ÜST, ilk növbədə, sizinlə eyni mənzildə yaşamayan insanlarla, xüsusən qapalı məkanlarda görüşməməyi tövsiyə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov azad edilmiş ərazilərə getdi-

Sonrakı məqalə

Orduya müddətdən artıq hərbi xidmət keçmək istəyənlərin qəbulu başlanıb –