Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolini Azərbaycanda səfərdə olub.
Kardinal Prezident İlham Əliyevlə görüşüb. Prezident münasibətlərimizin dərinləşdirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib və 2020-ci ildə Vatikana səfərini, Roma Papası Fransiskin ölkəmizə səfərini xatırlayıb.
Dövlət başçısı Kardinal Parolinin səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyini vurğulayıb. Kardinal ölkəmizdə katolik icmasına göstərilən diqqətə görə təşəkkür edib.

Dövlət başçısı Azərbaycanın Vatikanda səfirliyinin açılmasını qeyd edib. Kardinal Pietro Parolin ölkəmizdə dini abidələrin bərpası istiqamətində görülən işləri vurğulayıb, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
Kardinal daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Allahşükür Paşazadə bildirib ki, Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında, habelə Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud münasibətlər yüksək səviyyədədir. Şeyxülislam QMİ –nin Vatikanla əlaqələrinin inkişaf etməkdə olduğunu vurğulayıb.
A.Paşazadənin daha bir maraqlı təklifi diqqət çəkib. Şeyxülislam Vatikanda QMİ-nin nümayəndəliyinin təsis olunmasını təklif edib. Bu addımı ənənəvi əlaqələrin daha da möhkəmlənməsi üçün vacib sayıb.
Vatikanla Azərbaycan arasında əlaqələrin 30 ildən artıq müddətə söykənən tarixi var. Vatikan 1992-ci ilin may ayında Azərbaycanın müstəqilliyini tanıyandan sonra Müqəddəs Taxt-Tacla münasibətlər yüksələn xətt üzrə inkişaf edib.

1997-ci ildə sentyabrında İtaliyaya rəsmi səfər edən Ulu öndər Heydər Əliyev Roma Papası İohann Pavelin dəvəti ilə Vatikanda onunla görüşmüşdü.
Həmin görüşdə Papa Azərbaycanda hüquqi dövlət quruculuğu, həyata keçirilən iqtisadi islahatları diqqətlə izlədiyini və onları dəstəklədiyini bəyan etmişdi.
Vatikan rəhbəri həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı da mühüm bəyanat vermişdi. “Yeni müstəqillik qazanmış ölkələrin ərazi bütövlüyünün qorunması çox vacibdir, separatçılığa qarşı birgə mübarizə aparılmalıdır”-deyə Papa Heydər Əliyevlə görüşdə vurğulamışdı.
Ümummilli liderimiz Roma Papasını Azərbaycana dəvət etmişdi.
Bu səfər 2002-ci ildə gerçəkləşdi. Həmin il Roma Papası İohann Pavelin müsəlman Azərbaycana səfəri xüsusi yer tutur. Bakıya gələn Pavelin bu səfəri katolik dünyasında geniş rezonans doğurdu.
Prezident Heydər Əliyev onun qarşılanma mərasimindəki nitqində Vatikan rəhbərini dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı adlandırmışdı.
II İohann Pavel çıxışında Azərbaycanda dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın mövcud olmasını fəxr etməli hal kimi qiymətləndirib. Roma papası Azərbaycanın Şərq və Qərb arasında qapı olmasını bir daha təsdiqləmişdi.
Vatikanın dövlət başçısı Bakıya səfəri zamanı Azərbaycanın katolik icmasının keçirdiyi mərasimdə iştirak edib.
II İohann Pavel Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bu səfərinin sülhə və xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət edəcəyini deyərək bildirmişdi ki, Azərbaycanın tolerantlıq ruhu ilə fəxr etməmək qeyri-mümkündür. Papa Qafqazda qanlı qarşıdurmalardan təəssüfləndiyini bəyan edərək, belə münaqişələrdə dinin adından çıxışın yolverilməz olduğunu bəyan etdi.
Roma Papası Fransisk Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazıb ki, Azərbaycanın inkişafı, Müqəddəs Taxt-Tac ilə diplomatik münasibətlərin qurulması istiqamətində dahi Heydər Əliyevin səyləri daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Vatikan dövləti ilə əlaqələr sonrakı vaxtlarda da davam edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005, 2015, 2020-ci illərdə Vatikana səfər edib və yüksək səviyyədə qarşılanıb.
Papa Fransisk Prezidentlə görüşündə bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.
Prezident görüşdə qeyd edib ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.
Dinlərin qarşılıqlı dialoqu, tolerantlıq dövlət başçısının yürütdüyü siyasətin mühüm prioritetidir. Dövlət siyasətinin tərkib hissəsi olan multkulturalizm ölkəmizin dünyaya əməkdaşlıq üçün yeni çağırışlarıdır.

Bu baxımdan Vatikanla qurulmuş əlaqələrdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə fəal rol oynayır.
QMİ-nin Vatikanla ilk təmasları 1990-cı ilə gedib çıxır.
Sovet ordusunun 20 yanvarda Bakıda törətdiyi qanlı qırğın, dinc sakinlərin kütləvi qətli bütün dünyada ciddi rezonans verdi. Bu cinayətin dünyadan gizlədilməsinə çalışan sovet rəhbərliyinin cəhdləri baş tutmadı.
Qanlı qırğından bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığı ilə İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro Şeyxülislam Allahşükür Paşazadəyə zəng vuraraq qanlı qırğın barədə ilk məlumatları dünyaya çatdırdı. Roma Papasının xalqımızın o ağır günündə informasiya blokadasının yarılmasında göstərdiyi dəstək münasibətlərin yaranmasında ilk cığır sayıla bilər.
Müstəqillik qazandıqdan sonra QMİ ilə Vatikan arasında münasibətlər yeni mərhələyə daxil oldu.
2004-cü ildə Şeyxülislam Roma Papası II İohann Pavelin dəvəti ilə Vatikana səfər etdi. Roma Papası ilə görüş zamanı bir sıra məsələləri müzakirə olunmuşdu. II İohann Pavel A.Paşazadəyə göndərdiyi məktubunda ölkəmizdə tolerantlıq siyasətinin təbliğində QMİ sədrinin rolunu qeyd etmiş, ona yazmışdı ki, “müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.
A.Paşazadə isə dinlə bağlı problemlərin həlli üçün beynəlxalq komissyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Papa bu təşəbbüsü qəbul edərək A. Paşazadənin həmin komissiyanın tərkibinə daxil olmasını təklif etmişdi. Vatikan münaqişənin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın mövqeyini bəyəndiyini bəyan etmişdi.
2016-cı ilin oktyabrında Roma Papası Fransiskin Azərbaycana səfəri münasibətlərin yeni fazasına keçid oldu. Azərbaycan prezidenti İlham Əliyev görüş zamanı onun dəvətini qəbul edib gəldiyi üçün Papaya minnətdarlıq etdi və bunu “tarixi səfər” adlandırdı.
Səfərin Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə ilə barəbər, bütün bəşəriyyət üçün önəmli olduğunu deyən dövlət başçısı Papanın səfərini sivilizasiyalararası dialoqun davamı və güclənməsi kimi xarakterizə etmişdi. Roma Papası Fransisk çıxışında yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırmışdı.
Həmin səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Roma Papası Fransisklə təkbətək görüşü keçirilmişdi.
Görüşdə qeyd olunmuşdu ki, Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayıblar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim ölkəmizdə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb.
QMİ sədri 2022-ci ilin yanvarında Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin rəsmi dəvəti ilə nümayəndə heyəti Vatikana səfər edib. Roma Papası Fransisk Şeyxülislam Allahşükür Paşazadəni Vatikanda qəbul edərkən Azərbaycana səfərini xatırlayıb və ölkəmizdə dinlər arasında münasibəti yüksək qiymətləndirib: “Bakıya səfərim zamanı Azərbaycanda dinlərarası mühitin nə qədər ahəng içində olduğunu canlı şəkildə gördüm. Müsəlmanların, xristianların və digər dinlərə mənsub xalqların sizin ölkədə birgə yaşaması təqdirəlayiq haldır”- deyə Papa vurğulayıb.
QMİ sədri həmçinin 2022-ci il noyabrda Bəhreynin paytaxtı Manama şəhərində “Bəhreyn Dialoq Forumu” çərcivəsində Roma Papası Fransisklə görüşüb.
Qeyd edək ki, Şeyxülislam islam dünyasından Vatikana rəsmi dəvət alan məhdud sayda din xadimləri siyahısındadır.

Belə sıx əlaqələr və etimada söykənən görüşlər Azərbaycanla Vatikan arasında münasibətlərin dərinləşməsində mühüm ştrixdir.
Bu baxımdan Vatikan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Azərbaycanda cəmi 2000 katolik var. Bakıdakı Bakirə Müqəddəs Məryəm katolik kilsəsi ölkədə yeganə belə kilsədir. 6 iyul 2011-ci ildə Vatikan tərəfindən ratifikasiyadan sonra katolik icmasının dövlət qeydiyyatından keçib.
Azərbaycanın dini tolerantlığı inzibati idarəetməyə əsaslanmır. Bu əməkdaşlıq minillik tarixdən boy alır. Allahın müqqədəs kəlamlarında həmişə vurğuladığı qardaşlıq bu diyarda həmişə var olub.
Bunun möhkəm özülü Prezident İlham Əliyevin ardıcıl siyasi prioritetlərinə söykənir. Dövlət başçısı dini liderlərin görüşü zamanı bəyan etmişdi ki, ölkəmizdə etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.
Dünyada 1 milyard 300 milyon katolikin qibləsi olan Vatikan dünyada yürüdülən geopolitik siyasətə ciddi təsir gücünə malikdir. Bəşəriyyət üçün ən həssas və tarixi dönəmlərdə, siyasi müzakirələrdə, beynəlxalq problemlərin həllində Roma Papasının mövqeyi həmişə nəzərə alınır. Vatikanın mesajları cahanda sülh və dinc birgəyaşayış üçün vacib indikator sayılır.
Bu baxımdan Vatikan dövləti ilə Azərbaycan arasında etimada söykənən əlaqələr sülhə və bölgədə tolerantlıq prinsiplərinin təbliği üçün unikal imkandır. Bu prinsiplər İki ölkə arasında etibarlı əməkdaşlıq platforması yaradıb.
Aydın ABBASOV


