Pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə edilən mövzulardandır.
Bununla bağlı fərqli dövlətlərdə müxtəlif modellər tətbiq olunur.
Bəs, hansı hallarda pensiya kapitalından istifadə oluna bilir?
Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda dünyasını dəyişən şəxsin pensiya kapitalından bir sıra hallarda vərəsələrinin istifadəsi nəzərdə tutulub. Hazırda mövcud qanunvericiliyə əsasən vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Belə ki, vəfat etmiş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, və ya təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək övladları bu hüquqdan yararlana bilirlər.
Eyni zamanda, ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə də bu hüquq şamil olunur.
“Əmək pensiyaları” haqqında Qanuna əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.
Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır.