Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik olunması barədə qanun layihəsi nələri nəzərdə tutur?
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin martın 13-də keçirilən iclasında müzakirəyə çıxarılan sənəd layihəsində bu məsələlər öz əksini tapıb. Belə ki, xüsusi növ dövlət qulluğu sayılan orqanların təcrübəsi öyrənilməklə, eyni zamanda, təcrübədə meydana çıxan müvafiq boşluqlar təhlil edilməklə, habelə Əsasnamənin təkmilləşdirilməsi məqsədilə adıçəkilən qanun layihəsi hazırlanıb.
Qanun layihəsi əsasən aşağıdakıları nəzərdə tutur:
– Vergi orqanlarına xidmətə qəbulla bağlı bir sıra məsələlərin (staj müddətinin müəyyən edilməsi, sınaq və staj müddəti ilə bağlı məsələlərin daha detallı tənzimlənməsi zərurəti, vergi orqanlarında xidmətə qəbul olunmasına yol verilməyən şəxslərin əhatə dairəsinin təkmilləşdirilməsi, vergi orqanının vəzifəli şəxsinin andının müəyyən edilməsi və s.) daha təfərrüatlı tənzimlənməsinin həyata keçirilməsi. Belə ki, Əsasnamədə vergi orqanlarında staj keçmə ilə bağlı ümumiyyətlə tənzimləmə müəyyən edilmədiyindən, sınaq müddəti ilə bağlı isə məhdud tənzimləmə olduğundan bu məsələlər hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin daxili qaydaları ilə tənzimlənir. Həmçinin irəli sürülən digər dəyişikliyə əsasən tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyənləşdirilmiş şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan olunur.
– Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin, o cümlədən növbəti xüsusi rütbənin verilməsi qaydasının təkmilləşdirilməsi. Bu zaman dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər dövlət vergi orqanlarına xidmətə qəbul edildikdə, onların xidmət (qulluq) illəri dövlət vergi orqanlarında xidmət illərinə daxil ediləcək və həmin şəxslərə müvafiq xüsusi rütbələr veriləcək. Həmçinin növbəti xüsusi rütbəyə təqdim edilmənin məhdudlaşdırılması halları və müddətləri də müəyyənləşdirilir.
-“Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq, vergi orqanının vəzifəli şəxslərinin əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir hüququ təsbit edilir.
– Vergi orqanının vəzifəli şəxsinin sərəncamda olması, vəzifədə irəli çəkilməsi ilə bağlı məsələlərin təkmilləşdirilməsi. Əsasnamədə vəzifəli şəxslərin irəli çəkilməsi, onların başqa vəzifəyə keçirilməsi ilə bağlı məsələlər məhdud tənzimləndiyindən təcrübədə vəzifəli şəxslərin başqa vəzifəyə keçirilməsində bəzi problemlər mövcud olur. Belə ki, Əsasnamənin 39-cu maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin həmin vergi orqanında və ya digər yerə xidmətə keçirilməsinə vergi orqanının vəzifəli şəxsinin razılığı ilə yol verilir. Lakin bir sıra hallarda intizam tənbehi qaydasında və fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə şəxsin tutduğu vəzifədən aşağı vəzifəyə keçirilməsi zəruri olur ki, bu halda işçinin razılığının alınması mümkün olmur. Bu sahədə dövlət qulluğunun xüsusi növü olan orqanların təcrübəsi qənaətbəxş hesab olunur. Həmçinin, “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında onun aşağı inzibati vəzifəyə keçirilməsi həyata keçirilə bilər.
– Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydasının təkmilləşdirilməsi, habelə bu çərçivədə onlara “fəxri vergi orqanı işçisi” adının verilməsi, onların döş nişanı ilə təltif edilməsi.
– Mövcud təcrübə nəzərə alınmaqla, həmçinin vergi orqanı işçilərinin məsuliyyətinin gücləndirilməsi məqsədilə intizam tənbehi tədbirinin tətbiqi ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi.
– Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı təzimləmənin təkmilləşdirilməsi, bu məqsədlə ayrıca fəslin müəyyən edilməsi. Bu çərçivədə əsasnaməyə yeni təminatlar – vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir.
– Xidmət şəraitindən asılı olaraq vergi orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bundan əlavə vergi orqanlarının mühafizə xidməti heyətinin, gecə saatlarında çalışan təsərrüfat subyektlərində (obyektlərdə) Vergi Məcəlləsinə uyğun olaraq xronometraj metodu ilə müşahidə aparan, habelə markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında vergi orqanı tərəfindən yaradılan nəzarət postlarında olan işçilərin iş rejimini nəzərə alaraq Əmək Məcəlləsinin çoxnövbəli iş rejimi ilə bağlı müddəalarının vergi orqanlarının vəzifəli şəxslərinə münasibətdə tətbiq edilməsi təmin ediləcək.
– Vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olmağının yaş həddi, onun uzadılması və bununla bağlı zəruri məsələlərin tənzimlənməsi.
– Bir sıra dəqiqləşdirici, uyğunlaşma xarakterli düzəlişlərin edilməsi. Qanun layihəsi qanunvericiliyin tətbiqi təcrübəsində rast gəlinən və tənzimlənməsi zərurəti olan halların tənzimlənməsinə, son nəticədə vergi orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.