Vətəndaş Rəşad Xəlilov VFS Global-ın Bakı ofisinin qanunsuz fəaliyyəti nəticəsində şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirir. AzPost xəbər verir ki, 2025-ci il iyunun 10-da Xorvatiya Respublikasına iş vizası üçün müraciət edən müştəri biometrik pasportu, məhkumluq arayışı və digər fərdi sənədlərini şəxsən təqdim edib.
Şikayətçinin sözlərinə görə, 70 gün keçməsinə baxmayaraq viza cavabı verilməyib və həmin müddət ərzində sənədlərinin harada saxlandığı, kimdə olduğu barədə heç bir məlumat təqdim edilməyib. Səfirliyə göndərdiyi yazılı sorğuda isə adında heç bir viza müraciətinin olmadığı bildirilib.
Sonradan məlum olub ki, VFS Global şirkəti Rəşad Xəlilovun yazılı və ya notarial razılığı olmadan xüsusi kateqoriyaya aid fərdi sənədlərini üçüncü şəxslərə təqdim edib. Şikayətçi bildirir ki, bu həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq məlumat mühafizəsi normalarına (GDPR) ziddir.
Hüquqi əsaslara görə, Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununun maddə 5 və 9-u fərdi məlumatların üçüncü şəxsə verilməsini yalnız məlumat subyektinin yazılı razılığı ilə mümkün sayır. Cinayət Məcəlləsinin müvafiq maddələri isə şəxsi məlumatların qanunsuz toplanması və ötürülməsini, şəxsi və ailə sirrinin toxunulmazlığının pozulmasını ciddi qanun pozuntusu hesab edir. Beynəlxalq hüquq baxımından isə VFS Global Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamentinə (GDPR) tabe olaraq fərdi məlumatların təhlükəsizliyini təmin etməlidir.
Rəşad Xəlilov məsələ ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmasını, həmçinin mənəvi zərərin tanınması və məsul şəxslərin cəzalandırılmasını tələb edir. Şikayətçi bütün sübut və sənədləri, o cümlədən səfirliyin rəsmi cavabını və təqdim etdiyi sənədlərin surətlərini təqdim etməyə hazır olduğunu qeyd edib.