“Virusa qarşı “Sputnik V” vaksini Putinin ciddi qələbəsidir” –

Qərb mediası peyvəndin etibarlı olduğunu təsdiq etdi
04 Fevral 2021 - 16:02

Fevralın 4-də fələstinlilər Rusiyanın Sputnik V vaksininin 10 min dozasını alacaqlar və bu 5 min nəfərə peyvənd vurulmasına imkan verəcək.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, Fələstinin səhiyyə naziri Mai Alkaila “Fələstinin səsi” radiosuna bu haqda açıqlama verib.

İsrailin tutduğu Qərb sahildə məhdud özünüidarəçiliyə malik Fələstin hakimiyyəti vaksinasiyaya bu həftə başlayıb. İsrail onlara az sayda doza yollayıb.

Rusiyanın hazırladığı Sputnik V vaksininin 91 faiz effektli olması barədə bu həftə araşdırma yayılıb. “Wall Street Journal” qəzetində Georgi Kantçev yazır ki, bu, Moskva üçün geosiyasi çevriliş, çoxmilyardlıq vaksin bazarında potensial pay deməkdir.

Fevralın 2-də “The Lancet” tibb dərgisi Rusiya vaksininin 91.6 faiz effektli olması haqda ilkin təhlil dərc edib. Vaksinin ciddi yan təsiri olmadığı da açıqlanıb.

Qəzet yazır ki, Sputnik V-nin bu səviyyədə təsdiqlənməsi Prezident Vladimir Putin üçün ciddi qələbədir, Rusiya elmi və tibbinə inam səsverməsi deməkdir. Axı, Moskva vaksinin sürətlə hazırlanıb ölkədə istifadəyə təsdiqlənməsindən dolayı tənqidlə üzləşmişdi.

Moderna, həmçinin Pfizer və BioNTech şirkətlərinin vaksinləri 95 faiz civarında effektlilik göstərib. AstraZeneca şirkətinin hazırladığı vaksin isə 62-90% effekt ortaya qoyub.

4 milyon aşkarlanmış yoluxma ilə dünyada dördüncü yerdə olan Rusiya Sputnik V-yə arxalanaraq təkrar karantinə getməyib. Hakimiyyət ilin sonunadək əhalinin 60 faizini peyvəndləmək istəyir.

Dünyada koronavirus pandemiyasından 2.2 milyondan çox insan vəfat edib.