Virusoloq COVID-19-un laboratoriyadan sızması barədə xəbərləri təkzib edib

Uxan Virusologiya İnstitutunun aparıcı virusoloqlarından biri Şi Çjen Li koronavirusun institutun laboratoriyasından yayılması barədə məlumatları təkzib edib.

“New York Times” qəzeti xəbər verir ki, jurnalistlərin pandemiyadan öncə laboratoriyada yeni koronavirus mənbəyinin olması barədə suallarına “yox” cavabı verən virusoloq belə şübhələri əsassız adlandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusun mənşəyini araşdırmaq üçün yanvar-fevral aylarında beynəlxalq ekspertlər qrupunun Çinə səfəri barədə hesabatın tam versiyasını dərc edib. Missiyanın yekun sənədinə əsasən, koronavirusun heyvanlar arasında, daha sonra isə insanlar arasında ötürülməsi daha inandırıcı ssenari hesab edilib. Virusun laboratoriya şəraitində əmələ gəlməsi ehtimalı isə zəif qiymətləndirilib.

Hesabat dərc edildikdən sonra ABŞ, Avstraliya, Böyük Britaniya, Danimarka, İsrail, Kanada, Latviya, Litva, Norveç, Sloveniya, Çexiya, Estoniya, Cənubi Koreya və Yaponiya ÜST-nin Çində apardığı tədqiqatla bağlı narahatlıqlarını ifadə edib. Nəticələrlə bağlı 14 ölkənin birbaşa tənqidi olmasa da, ekspertlərin işinin xeyli ləngimələrlə aparılması, həmçinin bütün informasiyaya və nümunələrə girişin olmaması qeyd edilib.

Son zamanlar virusun mümkün laboratoriya mənşəli olması ilə bağlı bəyanatlar yenidən ortaya atılıb. Ağ ev koronavirusun laboratoriyada baş verən qəza nəticəsində yayılması versiyasının hələ istisna edilmədiyi barədə reliz yayımlayıb. ABŞ kəşfiyyatı virusun mənşəyinin iki versiyasını – heyvandan insana ötürülməsi və laboratoriyadan yayılmasını mümkün sayır. “Times” qəzeti isə öz mənbələrinə istinadla Böyük Britaniyanın Kəşfiyyat Xidmətinin SARS-CoV-2 virusunun laboratoriyadan sızmasını “mümkün” hesab etdiyi barədə məlumat yayıb. Məlumatı şərh edən Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib ki, COVID-19 infeksiyasının mənşəyini araşdırmaq xüsusi xidmət orqanlarının deyil, alimlərin işidir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə ÜST-ni məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib və sonradan həmin virusrəsmən COVID-19 adını alıb. Ötən il mart 11-də ÜST yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Toyların keçirilməsi müzakirə olunur” –

Sonrakı məqalə

“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi bəlli olub