2025-ci ilin ilk rübündə “Volkswagen” kompaniyasının gəliri 40,6 faiz azalıb. Rəsmi hesabata görə, Almaniyanın avtomobil konserni ilin əvvəlindən bəri 2,18 milyard avro gəlir əldə edib.
Kompaniyanın rəhbərliyi ötən ilin eyni dövrü ilə müqayisədə rekord itkiləri ABŞ administrasiyasının tətbiq etdiyi rüsumlarla əlaqələndirib.
“Volkswagen” 2025-ci ilin əvvəlində əməliyyat mənfəətini 6,5 faiz proqnozlaşdırsa da, konsernin rəhbərliyi illik göstəricinin gözləniləndən də aşağı olacağını düşünür. Beləliklə, “Volkswagen” tarixinin ən pis dövrlərindən birini yaşamaq riski altındadır.
Kompaniyanın rəhbərliyi mövcud vəziyyətin səbəbini ABŞ Prezidenti Donald Trampın Avropa mallarına, o cümlədən avtomobillərə və ehtiyat hissələrinə tətbiq etdiyi 25 faizlik rüsumlarda görür.
Qeyd edək ki, aprelin əvvəlində “Volkswagen” Birləşmiş Ştatlara avtomobil tədarükünü dayandırıb. Eyni zamanda, konsern ABŞ bazarındakı mövcud avtomobillərinin qiymətini artırmağa hazırlaşır.