“Xəstəxanaya qəbul edilən koronavirus xəstələrinin sayı azalıb”

- Boris Conson
27 Aprel 2020 - 13:04

“Olmadığım dövrdə məni əvəz edən hər kəsə, xüsusən də Dominik Raaba təşəkkür edirəm. Bu, bizim Birinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük çətinlikdir”.

APA-nın Britaniya müxbirinin verdiyi xəbərə görə, bunu yeni növ koronavirusdan sağalan və bu gün vəzifəsinin icrasına başlayan Böyük Britaniyanın Baş Naziri Boris Conson “Downing Street”də çıxışı zamanı deyib.

O, ölkə xəstəxanalarına qəbul edilən koronavirus xəstələrinin sayının azaldığını vurğulayıb.

“Bu, koronavirusun pik nöqtəsini geridə qoymaq üzrə olduğumuzu göstərir”, – deyə o qeyd edib.

B.Conson ölkədə ikinci dəfə koronavirusun pik həddə çatmasının qarşısını almağın vacibliyinə də toxunub və xalqı indiki şəraitdə karantində qalmağa və səbirli olmağa çağırıb.

Baş Nazir hökumətin növbəti günlərdə koronavirusla bağlı açıqlama verəcəyini bildirib:“Biz karantinlə bağlı dəyişikliklərin nə zaman, necə və hansı surətdə olacağını deyə bilmərik. Şübhəsiz ki, hökumət növbəti günlərdə bu barədə daha ətraflı açıqlama verəcək”.