Xəzər dənizinin bu hissələrində balıq xeyli azalıb

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi sahilboyu ərazilərdə ciddi ekoloji fəsadlara yol açıb. Lənkəran sahillərində dənizin çəkilməsi nəticəsində yaranan dayazlıq və üzə çıxan sualtı qayalıqlar balıqçı qayıqlarının hərəkətini də məhdudlaşdırıb.

Ekoloji problem dəniz ekosisteminə də təsir göstərib. Belə ki, balıq sürüləri daha dərinliklərə çəkilib, bu isə sahil sularında balıq ehtiyatının kəskin azalması ilə nəticələnib.

Ekoloqların fikrincə, Xəzər dənizində suyun səviyyəsinin azalması uzunmüddətli xarakter daşıyır. Mütəxəssislər qeyd edirlər ki, balıqların daha dərin sulara çəkilməsi balıqçılıq zonalarının yenidən qiymətləndirilməsini, eləcə də sahilboyu ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Ekoloq Nazim Məmmədov bildirir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinin əsas səbəbi qlobal istiləşmə və iqlim dəyişikliyidir. Onun sözlərinə görə, Xəzərə tökülən əsas çayların – Azərbaycanda Kür çayının, Rusiya ərazisində isə Volqa və Ural çaylarının su səviyyəsinin azalması dənizin ümumi su balansına ciddi təsir göstərib: “Əvvəllər Xəzərin dayaz ərazilərində külmə, kütüm və sazan kimi balıq növləri üstünlük təşkil edirdisə, hazırda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən bu növ balıqlar dənizin daha dərin hissələrinə çəkilib. Dərin ərazilərdə isə əsasən kefal və siyənək kimi balıq növləri üstünlük təşkil edir”.

Beləliklə, baş verən proses Xəzər dənizinin ümumi su balansını pozmaqla yanaşı, onun bioloji müxtəlifliyinə də ciddi təsir göstərir. Balıq ehtiyatlarının azalması və ov imkanlarının məhdudlaşması isə bazarda balıq məhsullarının qiymətlərinin artmasına səbəb olur./Azərtac/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.