Xərçəng hüceyrələri qan dövranına necə “sızır”?- Alimlər açıqladı

Tokio Universitetinin Sənaye Elmləri İnstitutunun alimləri xərçəngin ən təhlükəli yayılma mexanizmlərindən biri olan metastazların formalaşmasını araşdıraraq, şiş hüceyrələrinin bədən boyunca necə yayıldığını ortaya qoyublar.
Qaynarinfo xəbər verir ki, onların tədqiqatı “iScience” jurnalında dərc edilib.
Metastaz nədir və niyə təhlükəlidir?
Metastaz – bu, ilkin şişdən ayrılmış xərçəng hüceyrələrinin bədənə yayılaraq digər toxumalarda yeni törəmələr əmələ gətirməsidir. Bu proses onkoloji xəstəliklərdən ölüm hallarının əsas səbəblərindən biridir. Xərçəng ilkin ocaqdan kənara yayıldıqdan sonra onun hüceyrələrini cərrahi və ya dərman üsulu ilə tam şəkildə aradan qaldırmaq olduqca çətinləşir. Məhz buna görə metastaz mexanizmini başa düşmək həyati əhəmiyyət daşıyır.
Xəstəliyin gec mərhələlərində tez-tez qan dövranında CTC (sirkulyasiya edən şiş hüceyrələri) adlanan hüceyrələr aşkarlanır. Bu hüceyrələr tək-tək olduqda da təhlükəlidir, lakin onların qrup (klaster) halında olması metastaz yaratmaq baxımından daha təsirlidir.
Mexanizm necə işləyir?
İndiyədək bu hüceyrə klasterlərinin damarların möhkəm divarını necə keçdiyi məlum deyildi. Bunun üçün Yaponiya alimləri insan bağırsaq şiş toxuması və qan damarlarını təqlid edən unikal 3D-model hazırlayıblar.
Yüksək dəqiqlikli mikroskopik müşahidələr zamanı tədqiqatçılar müşahidə ediblər ki, şiş hüceyrələri damara yaxınlaşaraq onun strukturunu pozur, daxilə nüfuz edir və daha sonra qan axını vasitəsilə bədənə yayılır.
Aydın olub ki, şiş klasterləri damar divarının hüceyrələri ilə təmasda olduqda, bu hüceyrələr xüsusi zülallar ifraz etməyə başlayır. Bu isə onların qoruyucu xüsusiyyətlərini itirməsinə və damar divarının bu hissəsinin “sürüşərək” zəifləməsinə səbəb olur. Nəticədə, şiş hüceyrələri üçün damarın daxilinə yol açılır.
Tədqiqatın rəhbəri, Tokio Universitetindən professor Yukiko Matsunaga bildirib: “Araşdırmamız göstərir ki, şiş klasterləri damarın bir hissəsini faktiki olaraq ələ keçirir, onun müdafiə baryerini pozur və qan dövranından istifadə edərək digər orqanlara keçid əldə edir”.
Yeni imkanlar
Bu mexanizmin indi daha aydın olması gələcəkdə bu prosesi bloklaya biləcək dərmanların hazırlanması üçün imkanlar açır. Alimlərin yaratdığı 3D-model isə belə terapiyaların test edilməsi üçün mühüm bir alətə çevrilə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.