Xəzər suitisi suitilər içərisində Ginnesin Rekordlar Kitabına daxil olan ən kiçik ölçülü yırtıcı məməlidir. Son illərdə onların sayı azalmaqda davam edir. Xəzəryanı ölkələrin sahillərində Xəzər suitilərinin kütləvi ölümü tez-tez baş verir. Gah Qazaxıstan, gah Rusiya, gah da Azərbaycan sahillərində belə hallara rast gəlmək mümkündür.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev deyib.
Kütləvi ölüm hallarının bir neçə səbəbi olduğunu bildirən mütəxəssis fikirlərinə belə davam edib: “Əsas səbəblərdən biri suitilərin virus infeksiyalarına yoluxmalarıdır. Bu da onların immunitetinin zəifləməsinə gətirib çıxarır ki, nəticədə ölüm halları qeydə alınır. Digər tərəfdən Xəzər dənizi neft-qaz ehtiyatları ilə zəngindir. Hasilat zaman neft məhsulları, ağır metallar uzun müddət suitilərin orqanizmində – qaraciyər, böyrək və digər orqanlarında toplanır. Nəticədə onların immun sistemi zəifləyir ki, bu da ölüm ehtimalını artırır. Üçüncü əsas faktorlardan biri qida çatışmazlığıdır. Məlumdur ki, suitilərin əsas qidası kilkələrdir. Son illər Xəzərdə kilkələrin sayının kifayət qədər azalması suitilərin qida resurslarının yetməzliyi səbəbindən ölümünə səbəb ola bilər. Başqa bir səbəb suitilərin balıqçı torlarına düşmə ehtimalıdır. Bundan əlavə, Xəzərin dibindən qaz çıxarılması suitilərin zəhərlənməsinə və ölümünə səbəb ola biləcək amillər arasındadır.
Abşeron sahillərində isə xüsusilə Pirşağı ərazisində dekabr-mart ayları arasında kütləvi şəkildə olmasa da, suiti ölümlərinə rast gəlinir. Bu il də belə hallar qeydə alınıb”.
Xatırladaq ki, Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan rayonunda – Xəzər dənizi sahilində doxsan yeddi suiti cəsədi tapılıb.
Qazaxıstanın Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssislərinin sözlərinə görə, suitilər bir aydan çox əvvəl ölüb, lakin yalnız fırtına küləkləri onları sahilə çıxarıb. Ölümün səbəbləri araşdırılır.