Azərbaycanın kənd təsərrüfatı sektorunda diqqətçəkən struktur dəyişiklik baş verib. “Xaçmaz Aqropark” MMC-nin ləğv edilərək “Yalama Aqropark” MMC-yə qoşulması barədə qərar verilib. Bu barədə AzPost İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən məlumat verir.
Rəsmi məlumatda bildirilir ki, iki aqrar müəssisənin birləşdirilməsi ilə “Yalama Aqropark” yenidən təşkil olunur və fəaliyyətini genişləndirilmiş formatda davam etdirəcək. Bu addım regionun aqrar potensialının bir mərkəzdə cəmlənməsi və idarəetmədə optimallaşdırma məqsədi daşıyır.
Məlumat üçün qeyd edək ki, “Xaçmaz Aqropark” MMC 2021-ci ildə, “Yalama Aqropark” isə 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Aqroparkların nizamnamə kapitalı isə müvafiq olaraq 3,505 milyon manat və 27,193 milyon manat təşkil edirdi.
Qeyd edək ki, son illər aqropark layihələri Azərbaycan kənd təsərrüfatının inkişafında strateji alətə çevrilib. Aqroparklar təkcə ərzaq təhlükəsizliyinin təminində deyil, həm də regional məşğulluq, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayır.
Rəsmi statistikalara görə, hazırda ölkə üzrə 50-dən çox aqropark fəaliyyətdədir və onların ümumi sərmayə həcmi 2 milyard manata yaxınlaşıb. Xaçmaz və Yalama aqroparkları isə bu layihələrin şimal bölgəsi üzrə əsas oyunçuları hesab olunurdu. Birləşmə nəticəsində həmin regionda logistika, anbar sistemləri və müasir suvarma infrastrukturunun bir mərkəzdən idarə olunması mümkün olacaq.
Ekspertlər hesab edir ki, belə birləşmələr idarəetmədə şəffaflığın artırılması və xərclərin optimallaşdırılması baxımından vacibdir. Belə ki, aqroparkların regionlar üzrə birləşdirilməsi, eyni zamanda yerli fermerlər üçün daha əlçatan xidmət və dəstək mexanizmlərinin yaradılmasına imkan verir. Bu isə ümumilikdə kənd təsərrüfatının ixrac potensialını gücləndirəcək.