Xalq artisti, “Qaya” ansamblının solisti Teymur Mirzəyev vəfat edib

Azərbaycanın xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri  Teymur Mirzəyev vəfat edib.

Azpost.info bildirir ki, bu barədə görkəmli muğənni Rəşid Behbudovun qızı Rəşidə Rəşid məlumat verib.

T.Mirzəyev uzun illərdir yaşadığı İsraildə dünyasını dəyişib.

T.İ.Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə “Qaya” Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub. Ümumittifaq və Beynəlxalq müsabiqələr laureatı “Qaya” ansamblı SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi. Bu kollektiv 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin laureat adını qazanıb (I yer).

T.Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı ansamblın çıxışları geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilmişdir. Kollektivin böyük məharətlə ifa etdiyi əsərlər musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına həkk olunub.

Kollektivlə birgə gözəl sənətkar milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində – Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə təqdim etməklə, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib.

“Qaya” ansamblının dördüncü uzvü də haqq dünyasına qovuşdu.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan türk hərbçilərinin Əfqanıstanda olmadığını bildirib

Sonrakı məqalə

Vətən Müharibəsinin başlanmasından 1 il ötür –