Xankəndidə istiqamətləndirici yol nişanları yerləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Bərgüşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Köndələnçay, Quruçay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıbş və həmin stansiyalardan mütəmadi qaydada suyun temperaturu, onların qatılığı, pH, oksigenin miqdarı, elektrik keçiriciliyi, su sərfi və səviyyəsi barədə məlumatlar Milli Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur.

Bunu Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, bununla yanaşı Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib:

“Suda və torpaqda radionuklidlərin təyini məqsədilə Atom Enerjisi üzrə Beynəlxaq Agentliklə əməkdaşlıq çərçivəsində Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları ərazilərində quraşdırılmış 4 ədəd avtomatik radioekoloji stansiyadan mərkəzi serverǝ məlumatlar onlayn şəkildə ötürülərək təhlil olunur”.

Vüqar Kərimov qeyd edib ki, bərk məişət tullantılarının yerləşdirilməsi məqsədilə 9 rayonda, eləcə də Xankəndi şəhərində müvəqqəti poliqon əraziləri müəyyən edilib, mina və partlamamış hərbi sursatlardan təmizlənib və istiqamətləndirici yol nişanları yerləşdirilib:

“Poliqon ərazilərində tullantıların qəbulu üçün müvəqqəti tullantı hücrələri qazılıb və modul tipli konteynerlər (ofis və yaşayış) quraşdırılıb. Xankəndi, Laçın, Füzuli və Şuşa şəhərləri, Zəngilan rayonunun Ağalı kəndi, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində bərk məişət tullantılarının gündəlik toplanması, daşınması və poliqonda basdırılması təmin edilir”(apa).

Əvvəlki məqalə

“HƏMAS kimyəvi hücum planlaşdırmışdı”

Sonrakı məqalə

“Şəri dəstəkləməyin, onun kökünü kəsəcəyik”