Xankəndinə internet və rabitə xidməti necə təşkil olunmalıdır ? –EKSPERT ŞƏRHİ

Separatçılar qızlıl mədənlərimizi, təbii resurslarımızı necə qanunsuz istismar edirlərsə, həmin qaydada da informasiya məkanımızı, tezlik resurslarımızı zəbt ediblər.
Ötən gün erməni mənbələri yenidən hay-küy salıblar ki, qondarma “Artsax”-ın yeganə mobil operatorunun- Karabakh Telecom-un mobil rabitəsi və interneti bir müddət kəsilib.
Ermənistan operatorlarına zəng də mümkün olmayıb.
Səbəb isə hazırda aksiyalar keçən ərazidə bu operatorun kabelinin zədələnməsi olub. Problemin sonradan aradan qaldırıldığı bildirilib.
Sosial medianı monitorinq etdikdə görmək olar ki, Karabakh Telecom-un istifadəçiləri müharibədən öncə və xüsusən indi bu operatorun xidmətindən ciddi narazılıq edirlər.
Yəni, müharibədən infrastrukturu dağılmış vəziyyətdə çıxan, ərazimizdə qanunsuz olaraq 20 il fəaliyyət göstərən bu operator özü normal xidmət göstərmək imkanında deyil.
Perspektivi də yoxdur.
Müharibədən öncə bu operator Livan erməniləri olan Fatuş qardaşlarına məxsus olsa da , müharibə zamanı Arutunyan onu özəlləşdirib . Bu operator indi şəxsən ona məxsusdur.
Müharibədən sonra burada 2-ci mobil operator, Ermənistanın Viva-MTS operatoru da sıfır rouminqlə fəaliyyətə başlamışdı.
Lakin sonradan , güman ki, inhisarçılıq və gəlirlərin bölüşdürülməsində olan maraqlar baxımından onun fəaliyyəti dayandırıldı.
Hazırda ermənilərin yaşadığı ərazidə mobil və internet xidməti yalnız Karabakh Telecom tərəfindən göstərilir .
Onun bütün trafiki də Ermənistan üzərindəndir.
Magistral internet və rabitə xətləri də məhz hazırda aksiyalar keçirilən ərazidən keçərək Xankəndinə daxil olur.
İndiki halda Azərbaycan hökuməti bu magistral xətlərdən keçən informasiya trafikinə nəzarət edə bilmir.
Necə qızıl mədənlərimizi, təbii resurslarımızı qanunsuz istifadə edillərsə, həmin qaydada da informasiya məkanımızı, tezlik resurslarımızı zəbt ediblər, qanunsuz biznes qurublar.
Düşünürəm ki, virtual trafikə, informasiya məkanına, tezlik resurslarımıza da nəzarət etməyin zamanı yetişib.
Bu baxımdan Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilər üçün rabitə və internet imkanları yaratmağımız doğru olardı.
“Artsax”-ın mobil rabitəsi və internet trafiki haradan təmin edilməlidir ?
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə müasir telekommunikasiya infrastrukturu qurub, xeyli sayda baza stansiyaları quraşdırıb. Əminəm ki hər üç mobil operatorun bu ərazilərdə quraşdırdığı baza stansiyaların 4G siqnalları da Xankəndində və ətraf ərazilərdə əlçatandır.
Belə olan halda düşünürəm ki, bizim mobil operatorların bu ərazidə yaşayanlara rouminq əsasında internet və mobil rabitə xidməti təklif etməsi daha doğru və məntiqli olardı.
Yəni, Azərbaycan qanunları çərçivəsində Qarabağda yaşayan ermənilər bizim infrastrukturdan daha keyfiyyətli xidmət əldə edə bilərlər.
Belə olduqda bu trafikə qanunvericilikdə nəzərdə tututulduğu qaydada nəzarət etməyimiz də mümkün olardı.
Düşünürəm ki , bununla bağlı RİNN beynəlxalq qurumlarla, BTİ ilə öncədən danışıqlar aparmalı, həmçinin Karabakh Telecom-un Azərbaycan qurumlarından müvafiq lisenziya alması məsələsini gündəmə gətirməlidir.
Bölgədə yaşayan ermənilərin Azərbaycan ərazisindən daha keyfiyyətli internet və rabitə xidmətləri ala biləcəyi məsələsi beynəlxalq ictimaiyyətin, Ermənistan rəhbərliyinin, sülhməramlıların da diqqətinə çatdırılmalıdır.
Bizim tərəfdən göstəriləcək rabitə və internet xidmətindən istifadə imkanı Xankəndi və ətraf ərazidə yaşayan ermənilər üçün əlçatan olduqdan sonra Ermənistan ərazisindən bu bölgəyə daxil olan bütün magistral rabitə və internet xətləri kəsilməlidir.
Zaman yetişib ki , Xankəndində Azərbaycana məxsus beynəlxalq telekommunikasiya kodlarından istifadə məsələsi də yenidən gündəmə gətirilsin.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti 
Əvvəlki məqalə

Putin Başqırdıstanın ilk prezidenti ilə vidalaşmaq üçün Ufaya gedib

Sonrakı məqalə

Qubad İbadoğlu ADR Partiyasının fəaliyyətinə xitam verdi-