Azərbaycan Premyer Liqasının bombardiri, “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo AZƏRTAC-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik.
– “Qarabağ” Premyer Liqanın ilk hissəsini 41 xalla turnir cədvəlinin birinci pilləsində tamamladı. Komandanızın geridə qalan 18 turdakı çıxışını necə şərh edərdiniz?
– İlk dövrəni lider olaraq başa vurduğumuz üçün xoşbəxtəm. Əldə etdiyimiz bütün xallara dəyər veririk. Çünki bu nəticələrin necə əziyyətlə qazanıldığını bilirik. İndi bu üstünlüyü mövsümün sonunadək qorumalıyıq.
– Komandanın uğurlu çıxışında əsas pay sahiblərindən biri də siz oldunuz. Hazırda 13 qolla bombardirlik yarışına başçılıq edirsiniz və ən yaxın izləyiciniz sizdən 6 top geri qalır. Öz çıxışınız barədə nə deyə bilərsiniz? Bu cür start gözləyirdiniz?
– Hər bir futbolçu fərqli ölkəyə və liqaya gedəndə adaptasiya üçün vaxt lazım olur. “Qarabağ”da bu cür startım sevindiricidir. Amma unutmaq olmaz ki, futbol kollektiv oyundur. Komandada olan hər kəs əziyyət çəkir. Qol vururamsa, bu, təkcə mənim yox, komanda yoldaşlarımın da əziyyəti sayəsində olur. Mənim işim qol vurmaqdır, bunu yerinə yetirməyə çalışıram. Önəmli olan komandamın qələbəsidir. Qol vurmasam da olar.
– “Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk dəfə pley-offa adlamaqla tarixi uğura imza atdı. Növbəti rəqib “Braqa” olacaq. Portuqaliyada oynamış futbolçu kimi püşkü necə dəyərləndirirsiniz?
– Həqiqətən də tarixi nəticə əldə etdik. Mənim üçün də yenilik oldu. Çox xoşbəxtəm. Nailiyyətin önəmini daha əvvəl dərk etməsək də, indi hər şeyi anlayırıq. Qazandığımız uğurdan zövq almalıyıq. “Braqa”ya gəlincə, yaxşı heyəti var. Əksər komandalarla mübarizə aparmaq olar. Biz də yaxşı kollektivik. Düşünürəm ki, gərgin və maraqlı oyunlar olacaq. Növbəti mərhələyə keçmək şansımızın olduğunu düşünürəm.
– Sizcə, “Qarabağ” “Braqa”ya qarşı necə oynamalıdır və növbəti mərhələ şansı neçə faizdir?
– Hər oyun yeni tarix və fərqli mübarizədir. Buna görə də əvvəldən şansların neçə faiz olması barədə bir şey deyə bilmərəm. Futbol mübarizə oyunudur. İnanıram ki, bu dueldən qalib ayrıla bilərik.
– Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyununu (1:0) Azərbaycanın tarixi ərazisi olan Xankəndi şəhərində keçirdiniz. Həmin matçla bağlı təəssüratlarınızı bilmək istərdik…
– Bu oyunla bağlı çox xoş təəssüratlarım var. Həmin torpaqların geri qaytarılmasının, orada futbol matçının keçirilməsinin Azərbaycan üçün tarixi an olduğunu mənə danışdıqları zaman sevindim. Hətta o matçda geyindiyim formamı heç kimə vermədim, xatirə olaraq saxlayacağam. Bilirəm ki, bu oyun Azərbaycan xalqı və “Qarabağ” üçün tarixi əhəmiyyət daşıyır. Kubokdakı oyuna gəlincə, rəqib aşağı liqa təmsilçisi olsa da, yaxşı mübarizə apardı. Çoxlu qol şanslarımız oldu, lakin bəxtimiz gətirmədi. Buna baxmayaraq, sonda qalib gələ bildik.
– Maraqlıdır, başqa klublardan təkliflər varmı? Ümumiyyətlə, hansısa təklif alsanız, cavabınız necə olar?
– Bu məsələ ilə bağlı həyat yoldaşımla da söhbətimiz olur. Həqiqətən də “Qarabağ”da olan hər kəs mənə və ailəmə çox yaxşı münasibət göstərir. Azərbaycanı, Bakını sevirik. Biz hələ buraya yeni gəlmişik. Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağımız həm “Qarabağ”, həm də mənim üçün yeni tarix oldu. İndiki məqamda heç bir yerə getmək fikrim yoxdur. Düzdür, bu,futboldur və elə bir təklif gələr ki, nə “Qarabağ”, nə də mən buna “yox” deyə bilərik. Bu, tək məndən yox, klubdan da asılı olan məsələdir. Hazırkı vəziyyətdə onu deyə bilərəm ki, burada xoşbəxtəm.