Rusiya Dövlət Duması ölkədən kənarda baş versə də, ölkənin maraqlarına qarşı yönələn qanun pozuntularına görə şəxslərin qiyabi olaraq inzibati məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
AzPost bildirir ki, qanun layihəsinə görə, məsuliyyətə yalnız rusiyalılar deyil, həm də xarici vətəndaşlar cəlb oluna bilər.
2024-cü ilin oktyabrında təqdim edilən qanun layihəsi xaricdə yaşayan rusiyalıların “Rusiya Federasiyasının maraqlarına zidd” sayıla biləcək hərəkətlərə görə cəzalandırılmasını və onların iştirakı olmadan əmlaklarına həbs qoyulmasını təklif edir.
“OVD-İnfo” ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və vəkil Valeriya Vetoşkina “Current Time”a müsahibəsində deyib ki, fikir və mövqe ifadəsinə görə tətbiq olunan inzibati maddələrdə, ümumiyyətlə, əmlaka həbs qoyulması kimi bir müddəa mövcud deyildi.
Bundan əlavə, bu cəza artıq mövcud olan cəza tədbirləri ilə müqayisədə qeyri-mütənasibdir.