Xocalı soyqırımında cinayəti subuta yetirilmiş 40 nəfər haqqında həbs qərarı verilib.
Azpost.info bildirir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Onun sözlərinə görə, onlar haqqında axtarış elan edilib: “Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfərin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – deyə Firad Əliyev vurğulayıb.
F.Əliyev bildirib ki, istintaq materialları ilə sübuta yetirilib ki,613 şəxs qətlə yetrilib: “Xocalı qətliamı zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla qətlə yetirilib, 487 dinc sakinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. 1275 nəfər isə əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. Soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib”.