Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışıb

Atəş. Əmr. Hərəkət. Yenidən atəş. Xankəndi istiqamətində döyüşün ardıcıllığı belə idi. Bir tapşırıq tamamlanır, ardınca yenisi gəlirdi. 2023-cü il sentyabrın 19-da başlanan döyüşün tempi bir an da səngimirdi. Hər dəqiqə yeni qərar verilir, hər tapşırıq isə yeni məsuliyyət demək idi. 24 saat tamamlanmadan gözlənilən xəbər gəldi: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdu. İllərlə gözlənilən tarixi an artıq gerçək idi. Antiterror tədbirləri qısa müddət davam etsə də, 24 saat ərzində elə yüksək tempdə döyüşdük ki, sanki 24 gün davam edən döyüşü 24 saata sığdırdıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri, kəşfiyyatçı Şərafəddin Xankişiyev deyib.

Həmin 24 saatlıq gərginliyin arxasında isə bir günün deyil, illərin döyüş təcrübəsi dayanırdı. Şərafəddin Xankişiyev 23 illik hərbi xidməti ərzində müxtəlif döyüş əməliyyatlarında, xüsusilə Aprel döyüşləri və Vətən müharibəsində iştirak edib, dəfələrlə düşmənin dərinliyində keçirilən döyüş-kəşfiyyat tapşırıqlarında olub. Bu qədər döyüşdən keçən bir hərbçi üçün müharibə artıq sadəcə xidmət deyil, onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Lakin bütün bu illərin arxasında dəyişməyən bir gözlənti vardı – Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağı gün. “Biz hər an Ali Baş Komandanın əmrini gözləyirdik ki, qalan ərazilərimizi də azad edərək, Azərbaycanın ərazi bütövlüyünü tam təmin edək”, – deyə qəhrəman Azərbaycan hərbçisi bildirir.

2023-cü ildə həmin gözlənti döyüş tapşırığına çevrildi. Ermənistan silahlı qüvvələri birləşmələrinin törətdikləri təxribat və terror aktlarına cavab olaraq, Xankəndi istiqamətində əməliyyat üçün tapşırıq verilmişdi. Əsas döyüşdən yeddi gün əvvəl Ş.Xankişiyev polkovnik-leytenant İdris İsayevlə birlikdə kəşfiyyat tapşırığına yollandı. 32 ildən sonra Xankəndiyə ilk addımı atdılar. Kəşfiyyat zamanı düşmənin onlarla gizli postunun yerini müəyyən etdilər, əldə olunan məlumatları bölmələrə çatdırdılar. Bu məlumatlar az sonra döyüş meydanında öz əhəmiyyətini göstərdi.

Artıq qarşıda yalnız tapşırığın icrası qalırdı. Döyüş başladı. Ş.Xankişiyev düşmənin gücləndirilmiş postlarından birini “Faqot” silahı ilə məhv etdi. 24 saata yaxın davam edən gərgin mübarizənin sonunda isə illərlə gözlənilən xəbər gəldi: “Qələbə xəbəri gələndə özümü saxlaya bilmədim. Kənara çəkilib hönkür-hönkür ağlayıb, sevincdən qışqırırdım. İllərlə çiyin-çiyinə döyüşdüyümüz şəhid qardaşlarımız sanki gözümüzün önündə yenidən canlanmışdı. Elə bilirdik ki, onlar dirilib bizimlə qucaqlaşmağa gəliblər. Bu, həm bizim, həm də onların Zəfəri idi”.

Bu göz yaşlarının içində həm döyüşün gərginliyi, həm illərin həsrəti, həm də şəhid silahdaşlarının xatirəsi vardı. Ən əsası isə bu dəfə əldə olunan nəticə əvvəlki döyüşlərdən fərqlənirdi: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdu.

Həmin nəticənin böyüklüyü yalnız hərb meydanında deyil, azad edilən torpaqların gələcəyində də görünürdü. İllər əvvəl doğma yurdlarından məcburi köçkün düşmüş insanların öz kəndlərinə və rayonlarına qayıdışının yolu açılırdı. Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanırdı.

Bu mənzərəyə uzanan yol 2023-cü ildə başlamamışdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi həmin yolun ən böyük mərhələlərindən biri olmuşdu. Ş.Xankişiyevin sözlərinə görə, 2020-ci il Zəfəri şəhidlərin, qazilərin, veteranların və bütün xalqın birliyi və dəstəyi ilə qazanılmışdı.

Lakin mübarizə hələ başa çatmamışdı. Bəzi ərazilər düşmənin nəzarətində qalırdı. Lokal antiterror tədbirləri isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Ş.Xankişiyev üçün 2020-ci il Zəfəri ilə 2023-cü il antiterror tədbirlərini birləşdirən əsas mənəvi bağ məhz ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi, Qarabağ uğrunda şəhid olanların ruhunun şad edilməsi və illərdir gözlənilən tam qələbəyə çatmaqdır.

Beləliklə, Xankəndi istiqamətində başlayan 23 saat 43 dəqiqəlik döyüş onun 23 illik hərbi xidmət yolunun ən mühüm səhifəsinə çevrildi. İllərlə davam edən mübarizə öz nəticəsini verdi. Əmr yerinə yetirildi, illərdir həsrəti çəkilən torpaqlarda Azərbaycan Bayrağı dalğalandı.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.