Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn olunmayıb? –Nazirlik şərh verməkdən imtina edib

Xalq artisti Yalçın Rzazadənin nəşi bu gün dəfn məqsədilə Lənkərana aparılıb.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xalq artisti bu gün saat 16:00-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Lənkəranın Liman qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək. Artıq Lənkəranda dəfnlə bağlı hazırlıq işləri görülüb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidməti Xalq artistinin niyə Fəxri Xiyabanda dəfn olunmamasını şərh etməyib. Lakin Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Nazirlik mərhumun ailə üzvlərinə Fəxri Xiyabanda yer olmadığını bildirib. Lənkəranda dəfn ideyası isə müğənninin ailəsinə məxsusdur. “Bu barədə atamın hər hansı vəsiyyəti olmayıb. Sadəcə biz fikirləşdik ki, Fəxri Xiyabanda dəfn edilməyəcəyi təqdirdə onu Lənkəranda – ata və anasının yanında dəfn edək”, – deyə Xalq artistinin oğlu Orxan Rzazadə bildirib.

Mərhumla evində keçirilən vida mərasiminə isə Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin qatılmaması və əklilin göndərilməməsi diqqət cəlb edib. Mərasimdə yalnız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi əklili olub.

Xalq artisti Yalçın Rzazadə ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı, karate ilə məşğul olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Turizm Agentliyi hotellərə ciddi xəbərdarlıq edib

Sonrakı məqalə

Bakıda bir mənzildə 5 nəfərin meyiti tapıldı –