Meşə yanğınları zamanı həmin ərazinin bitki və heyvanat aləminə ciddi ziyan dəyir. Təbii ki, həmin meşələr tədricən özlərini bərpa edirlər, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bərpa üçün tədbirlər görür. Lakin yanan, məhv olan meşələrin əvvəlki halına dönməsi üçün 50 il vaxt lazımdır. Hər bir Azərbaycan vətəndaşı bunu düşünməlidir ki, yanğınlar hansı böyük ekoloji fəsadlara gətirib çıxarır. Odur ki, təkcə yay aylarında deyil bütün ilboyu bu istiqamətdə əhali arasında təbliğat aparılmalıdır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib.
“Meşələrdə yanğın söndürüldükdən sonra bərpaya ehtiyac olan ərazilər müəyyənləşdirilir. Daha sonra relyefə, şəraitə uyğun olaraq bərpa proqramı hazırlanır. Bu zaman mütəxəssislər hansı ərazilərdə meşələrin özünü bərpa edəcəyini müəyyən edirlər. Mümkün olan ərazilərdə bərpa tədbirləri həyata keçirilir, toxumlar səpilir, tinglər əkilir. Relyefinə görə harada ki, bərpa tədbirləri aparmaq mümkün deyil və meşələr təbii halda bərpa olunacaq, həmin ərazilərin mühafizəsi həyata keçirilir”, – deyə X.Hüseynov bildirib.