Sosial şəbəkə istifadəçisi Pərvanə Əsgərzadə ABB – Azərbaycan Beynəlxalq Bankı ilə bağlı narazılığını ictimai şəkildə paylaşıb. Azpost xəbər verir ki, onun sözlərinə görə, iki ay əvvəl ABB-dəki hesabından yanlışlıqla Kapital Banka məxsus karta pul köçürülüb və bu məsələ ilə bağlı banka rəsmi müraciət edib.
Pərvanə Əsgərzadə bildirir ki, bank əməkdaşları ondan yazılı ərizə alıb və məsələnin araşdırılacağını deyiblər. Lakin həmin vaxtdan sonra bank tərəfindən heç bir rəsmi cavab verilməyib. Müştəri qeyd edir ki, etdiyi bütün sonrakı sorğular cavabsız qalıb və müraciətlər faktiki olaraq diqqətsiz buraxılıb.
Şikayətçi vurğulayır ki, “İnformasiya haqqında” qanuna əsasən, vətəndaşın müraciətinə maksimum bir ay müddətində cavab verilməlidir. Onun sözlərinə görə, bank ən azı pulun geri qaytarılıb-qaytarılmadığı, yaxud qarşı tərəfin vəsaiti geri verməkdən imtina edib-etmədiyi barədə rəsmi məlumat təqdim etməlidir.
Pərvanə Əsgərzadə paylaşımında bankın susqunluğunun onda şübhə yaratdığını da qeyd edib. O bildirir ki, vəsait qaytarılıbsa, bu barədə məlumat verilməli, qaytarılmayıbsa, səbəbi açıq şəkildə izah olunmalıdır. Müştəri bankın bu məsələdə şəffaf davranmadığını və hüquqlarının pozulduğunu iddia edir.