“Yanlış və qərəzli fikirlərin tirajlanmasında məqsəd nədir?” –Şeyxülislam Allahşükür Paşazadə açıqlama verdi

“Ötən müsahibəmdə dediyim kimi, çıxışım tam dinlənilməyib və ya kimlərsə, bundan siyasi şou düzəltmək üçün fikirlərimi konteksdən çıxarıblar. Əvvəla, mən siyasətçi deyiləm, din xadimiyəm. İkincisi də, mən çıxışımda Ali Baş Komandanın siyasi iradəsi, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsini xüsusi olaraq vurğulamışam və bu, həqiqətdir”.
Azpost.info bildirir ki, bu sözləri QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Miq.az saytına müsahibəsində deyib.
QMİ sədri deyib ki, çıxışı sosial şəbəkələrdə və mediada təhrif olunmuş şəkildə yayılıb: “Bütün bunların üstündən keçib, çıxışımdakı bir məqamı təhrif edərək ictimaiyyətə təqdim edirlər. Hansısa qeyri-peşəkarların əlində alət olan bəzi media orqanlarında haqqımda iftira və böhtanlar, təhqirlər səsləndirilir. Müsahibəmdə də dediyim kimi, mən heç bir kənar şəxs və xarici dövlətə bağlı adam olmamışam. Yalnız dinimə, dövlətimə, xalqıma, Vətənimə bağlıyam. Həzrəti Peyğəmbərimiz deyirdi: “Hubbul-vətəni minəl-iman”, yəni “vətəni sevmək, imandandır”.
“Möhtərəm Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan regionda normal qonşuluq siyasəti yürüdən və hətta bu baxımdan nümunə sayılacaq ölkədir. Amma kimlərlə çıxışlarımızı təhrif edib bizi qonşu dövlətlərlə üz-üzə qoymağa çalışırlar. Bütün bunlar əbəs və mənasız cəhdlərdir. Çünki bu ölkənin rəhbəri Qarabağ savaşı zamanı hansı iradə və qətiyyətə sahib olduğunu bütün dünyaya sübut etdi. Ona görə də mən Prezdentimizə inanıram, hansısa qərəzli və yalan tirajlayan, təhqir yazan “media” orqanlarına deyil”, – QMİ sədri vurğulayıb.
Ərdoğanın müşavirinin sosial şəbəkədə yazdığı fikrə gəlincə, A. Paşazadə hesab edir ki, böyük ehtimalla çıxışındakı məqamlar ona da təhrif olunmuş formada təqdim edilib: “Əslində bu məsələyə münasibətim də yanlış təqdim edildi, hətta bəzi media orqanları müsahibəmi “Ərdoğanın müşavirinə cavab” kimi tirajladılar və təhrif etdilər. “O, din xadimi deyil, siyasətçidir” fikrim də məqsədli şəkildə “Onun dindən xəbəri yoxdur” kimi qələmə verildi. Bütün bunlar yanlış və qərəzli təqdimatlardır. Türkiyənin və xüsusən də Sayın Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsindəki dəstəyi danılmazdır, çünki Türkiyə bizimlə dost və qardaş ölkədir. Münasibətlərimzə xələl gətirənlər isə məhz düşmənlərimizi sevindirə bilərlər. Ona görə də hər kəsi ədalətli olmağa, yalan və böhtanlardan uzaq olmağa çağırıram”.
Şeyxülislam deyib ki, fətva siyasi deyil, mənəvi, dini anlayışdır və kimlərsə bu anlayışları qarışdırırlar: “Söhbət dini yanaşmadan, dini həmrəylikdən, müsəlman amilindən gedir. Yadınızdadırsa, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan dövləti və xaricdəki erməni lobbisi bunu “erməni-müsəlman davası” təqdim edib dünyanın bəzi ölkələrindən dəstək qazanmağa çalışırdılar. Amma faktiki Azərbaycanın BMT tərəfindən tanınan suveren ərazisini işğal etmişdilər. Onda ermənilərin bu saxta və yalan kampaniyasının qarşısını Ümummilli lider Heydər Əliyev aldı. Dünyanın ən ali kürsülərində çıxış edərək ermənilərin bu saxta informasiyalarını ifşa etdi. Azərbaycan öz haqq davasını aparır və bu torpaqları bütün dünya Azərbaycanın suveren ərazisi kimi tanıyır. Azərbaycan müsəlman ölkəsidir, burada yaşayan insanların əksəriyyəti İslam dininə etiqad edir, amma həm də multikultural bir ölkəyik, digər dinlərdən olan vətəndaşlarımıza da sayğı və hörmətlə yanaşırıq. İndi diqqət edək, əgər bayrağımızdakı yaşıl rəng həm də İslamın simvoludursa, “Qarabağ İslam torpağıdır” fikri də elə birmənalı “Qarabağ Azərbaycan torpağıdır” deməkdir. Əgər qonşu ölkənin Ali dini rəhbəri belə bir çıxış və etiraf edirsə, biz bunu niyə təqdir etməyək? Bəs yanlış və qərəzli fikirlərin məqsədli tirajlanmasında məqsəd nədir?”
Qafqazin Şeyxi hesab edir ki, Prezident İlham Əliyev ölkə daxilində milli birliyə nail olub və heç kəs birliyə kölgə sala bilməz: “Azərbaycanın həm daxildəki milli birliyə, həm də qonşu ölkələrlə münasibətinə kölgə salmağa çalışanlar yalnız bizi sevməyən hansısa xarici qüvvələrə xidmət edən şəxslər ola bilər. Amma yenə də deyirəm, Allahın izni, həmçinin Cənab Prezidentin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində buna nail ola bilməzlər. Çünki həm Prezidentin Qarabağ mövzusundakı mövqeyi, həm Birinci Vitse-Prezident Mehriban xanımın təşəbbüsü ilə Şuşada təşkil edilən “Xarıbülbül” festivalı Azərbaycanı istəməyən qüvvələrin arzusunu ürəyində qoydu”.
“Özümə gəlincə, mən həm Qafqazin Şeyxülislamı kimi, həm də Allahşükür Paşazadə kimi Azərbaycan vətəndaşıyam, Vətənimin əsgəriyəm, dinimizin xidmətçisiyəm. Həzrəti Əlinin (ə.s) məşhur bir hədisində deyildiyi kimi, “Ölkələr Vətən sevgisi ilə abad olur”. Qarabağ məhz Prezidentimizin, xalqımızın, inanlarımızın Vətən sevgisinin nəticəsində işğaldan azad olundu və bütün dünya Azərbaycanın necə bir qüdrətli ölkə olduğunu gördü. Allah dövlətimizi qorusun!”, – deyə Allahşükür Paşazadə vurğulayıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hulusi Akarın olduğu təyyarə quş dəstəsi ilə toqquşub

Sonrakı məqalə

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb