YAP-çı deputatlar Milli Məclisin buraxılacağını təkzib edirlər –"Referenduma, yeni seçkilərə heç bir ehtiyac yoxdur" 

Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar Milli Məclisin buraxılacağı və yeni seçkilər keçiriləcəyi ilə bağlı yayılan məlumatları təkzib ediblər. 

Azpost.info bildirir ki, hakim partiyanın rəsmi saytı bununla bağlı parlament üzvlərinin açıqlamalarını yayıb.

Deputat Kamilə Əliyeva bildirib ki, Azərbaycanda bir sıra bəzi siyasi qüvvələr və onları xaricdə himayə edən bəzi qurumlar çaxnaşmalar, təxribatlar yaratmaq istəyirlər: “Ona görə də son zamanlar bu cür şayiələr yayılmaqdadır. Yəni onlar istər icra, istərsə də qanunvericilik orqanlarının fəaliyyətində də hansısa öz mənfi fikirlərini irəli sürürlər. Amma bu hər zaman olub, bütün zamanlarda vaxtaşırı bu qaraguruhçular tərəfindən belə təxribatlar baş verib”.

Onun sözlərinə görə, yəqin ki bundan sonra da belə hallar olacaq: “Amma onların işləri elə çaxnaşma yaratmaqdan ibarətdir. Ona görə də son zamanlar bu cür fikirlər yayılmaqdadır ki, Milli Məclis və parlament buraxılacaq”.

Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, daha çox “yeni gündəm yaratmaq”, yaxud da diqqəti postmüharibə dövründə ölkədə görülən işlərdən yayındırmaq məqsədi daşıyan bu tip məlumatların hansı qüvvələrin marağına xidmət etdiyi hər kəsə bəllidir: “Elə Azərbaycanda hər hansı zərurətin mövcud olmadığı halda “Milli Məclisin təkrarən buraxılması” mövzusunun dövriyyəyə buraxılması da həmin qüvvələrin qara niyyətlərindən xəbər verir. Bu cür qüvvələr Azərbaycanda dövlət idarəçiliyinin, o cümlədən Milli Məclisin fəaliyyətinin yüksək səviyyədə qurulduğunu bilə-bilə bu tip “xəyali təkliflərlə” necə deyərlər qaşınmayan yerdən qan çıxarmağa çalışırlar”.

Milli Məclisin deputatı Azər Badamov vurğulayıb ki, yenidən Milli Məclisə növbədənkənar seçkilərin də keçiriləcəyi ilə bağlı yazılar tirajlanmaqdadır: “Konstitusiyada dəyişikliklərin ediləcəyi ilə bağlı dərc olunan fikirlər tamamilə əsassızdır, yanlışdır. Çünki, konstitusiyamız bu günün tələblərinə uyğundur və dövlətimizin möhkəmlənməsinə, xalqımızın hüquq və azadlıqlarının  müdafiəsinə cavab verir. Dəyişikliklərin olacağı ilə bağlı səsləndirilən fikirləri əsassız və radikal  müxalifətin arzularının işıqlandırılması kimi başa düşürəm. O cümlədən referendumla əlaqədar mətbuatda son vaxtlar səsləndirilən fikirlərdən biri də proporsional seçki sisteminin tətbiq olunacağı ilə bağlıdır”.

Qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan majoritar seçki sistemi bu günün maraqlarına tam cavab verir . Majoritar seçki sitemi cəmiyyətdə daha çox etibar və inam qazanmış şəxslərin seçilməsinə yol açır. Məhz tətbiq olunan majoritar seçki sisteminə uyğun parlamentə 11 siyasi partiyasının nümayəndələri seçilərək təmsil olunurlar. Məqsəd  o olmalıdır ki, ölkədəki bütün partiyalar parlamentdə təmsil olunsunlar. Məqsəd odur ki, cəmiyyətin daha çox inandığı siyasi partiyalar Milli Məclisə seçilsin və bugünkü parlament məhz bu ideya üzərində formalaşıb. Ona görə də ölkəmizdə mövcud majoritar seçki sistemi zamanın sınağından uğurla çıxıb və hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac duyulmur”.    Milli Məclisə yenidən növbədənkənar seçkilərin keçiriləcəyi barədə iddialara gəlincə, deputat bunun tamamilə yanlış və əssasız olduğu qənaətindədir.

Deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanda referendumun, yaxud Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur: “Əgər ictimai münasibətləri layiqincə tənzimləyə bilən, demokratik siyasi sistemin hüquqi əsaslarını təşkil edən Konstitusiya və bu konstitusion tələblərdən irəli gələn əsaslarda formalaşmış yeni Milli Məclis varsa, o zaman nə hər hansı bir referenduma, nə də yeni parlament seçkilərinə heç bir ehtiyac yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“YouTube” reklamdan qurtulmağın yeni üsulunu təklif edir

Sonrakı məqalə

Deputat Eldəniz Səlimov üçün “qiyamət günü” –