Yaponiya hökümətində xidməti avtomobil qalmaqalı- Baş nazir oğlu ilə bağlı tənqidlərə cavab verdi

Atasının siyasi məsələlər üzrə şəxsi katibi işləyən Yaponiya Baş naziri Fumio Kişidanın böyük oğlu Syotaro Kişida ilə bağlı qalmaqal səngimir.

Azpost.info xəbər verir ki, günlərdir yerli və xarici mətbuat, həmçinin Yaponiya müxalifəti Syotaro Kişidanın Avropaya işgüzar səfəri zamanı xidməti avtomobildən turist gəzintiləri üçün istifadə etməsini müzakirə edir.

Baş naziri işgüzar səfərdə müşayiət edən oğlu Parisdəki turistik yerləri gəzmək üçün xidməti avtomobildən istifadə edib. Eyni zamanda səfirlik maşını ilə Big Ben, Bukingem Sarayı və başqa görməli yerləri ziyarət edib.

Son açıqlamasında Fumio Kişida oğlunun xidməti avtomobillərdən istifadəsinə haqq qazandırıb. O bildirib ki, mübahisəyə səbəb olan avtomobil gəzintiləri zamanı oğlu siyasətçilər üçün suvenirlər alıb.

“Suvenir alış-verişi siyasi katibin prioritetləri siyahısında ola bilər. Hesab edirəm ki, bunu iş vəzifələrinə aid etmək olar”, – Kişida müxalifətin tənqidlərinə cavab verib.

Məsələ ictimailəşəndən sonra Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Yosihiko İsozaki bildirib ki, xidməti avtomobillərdən istifadə ilə bağlı yoxlamalar aparılacaq. Lakin o, həmçinin qeyd edib ki, xarici səfərlər zamanı Baş nazirin nümayəndə heyətinin üzvləri təhlükəsizlik məsələlərini və yolların vəziyyətini nəzərə alaraq, lazım gəldikdə xidməti avtomobildən istifadə edirlər.

Yaxın günlərdə bu mövzunun Yaponiya parlamentində müzakirə olunacağı gözlənilir.

Azpost.info

 

Əvvəlki məqalə

“Qardaşım Valeh Kərimova qarşı çox böyük haqsızlıq oldu” –

Sonrakı məqalə

Polis borcu olan 109 nəfəri saxlayıb