“Qardaşım Valeh Kərimova qarşı çox böyük haqsızlıq oldu” –Əməkdar artist Loğman Kərimov

“Valeh hələ 70 yaşına çatmamış Sumqayıt Dram Teatrının o vaxtkı direktoru ədəbsizcəsinə demişdi ki, Valeh müəllim, artıq yaşınız mane olur. Valeh də ədəblə ərizəsini yazıb teatrdan uzaqlaşmışdı. Mənim qardaşım Azərbaycan teatr sənətində öz imzasını qoyan adamdır. Valeh Kərimov Sumqayıt Dram Teatrının təməlini qoyanlardan biri olub. Direktor düşünməli idi ki, Valeh Kərimov həmin teatrın təməlini qoyan adamlardandır, oranın simasıdır”.

Azpost.info bildirir ki, bu sözləri APA-ya müsahibəsində Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Əməkdar artist Loğman Kərimov deyib.

“Valehin indi 80-ə yaxın yaşı var. Ağlı, şüuru, istedadı yerində olan bir sənətkardır. Günü bu gün o, özü öz maşınını sürür. Səhhəti tam sağlam və normaldır. Çox zaman belə olur ki, idarə olunmayan adamları uzaqlaşdırmağa çalışırlar. Kim ki zəif və istedadsızdır, onu idarə eləmək olar deyə, qoruyub saxlayırlar. Ki yaxşı idarə edə bilsinlər. Vəssalam”-deyə rejisor bildirib.

O deyib ki, Valeh Kərimov teatrdan çıxmağı ilə heç nə itirmədi: “Amma teatr nə itirdi, bunun şərhə ehtiyacı yoxdur. Bəzən deyirlər, yaşlı nəsil çıxmalıdır ki, gənclər gəlsin. Amma nəzərə almırlar ki, yaşlı nəslin təcrübəsi var, o gənc nəsil həmin nəsildən axı öyrənməlidir. Bu niyə nəzərə alınmır? Bizdə bu yanaşma doğru deyil. Bir neçə teatr yaşlı aktyoru uzaqlaşdırmaqla çox şey itirdi. Və Valehə qarşı da bu edildi. Bu da çox böyük haqsızlıq oldu. O baxımdan, o, nə edirsə, necə açıqlama verirsə, tamamilə düz edir. Bu sənətə bir də Valeh Kərimov gələcək? Yox! Başqaları gələcək, onların da öz yeri olacaq, amma Valehin yeri başqadır, heç kim Valeh Kərimov olmayacaq. Vəssalam.

İstedadlı və işləyə bilən adama yaşından asılı olmayaraq, diqqətli yanaşmaq lazımdır”.

Əvvəlki məqalə

Bakıda yeniyetmə 14 gün sonra yenidən itkin düşüb

Sonrakı məqalə

Yaponiya hökümətində xidməti avtomobil qalmaqalı