Yaponiyada qadınlara qarşı təqib və zorakılıq hallarının qarşısını almaq məqsədilə Bluetooth texnologiyasına məhdudiyyətlər tətbiq olunacaq. AzPost “Jornal de Notícias” nəşrinə istinadla xəbər verir ki, yeni qanun layihəsi bu funksiyanın cinayət məqsədilə istifadəsinin artması fonunda hazırlanıb.
Sənədə əsasən, polis artıq təqib hadisələrinə yalnız zərərçəkənin şikayəti olduqda deyil, müstəqil şəkildə də müdaxilə edə biləcək. Bundan əlavə, şəxsi detektivlər və digər müvafiq xidmətlərə qurbanların şəxsi məlumatlarını təqibçilərə ötürmək qadağan ediləcək.
Yeni qanun layihəsinin dekabrın 17-də başa çatacaq fövqəladə parlament sessiyasında səsverməyə çıxarılacağı və qəbul edildikdən 20 gün sonra qüvvəyə minəcəyi bildirilir.
Bluetooth-un məhdudlaşdırılması qərarı, Kanoqava prefekturasında baş vermiş faciəli hadisədən sonra qəbul olunub. Həmin hadisədə bir kişi keçmiş sevgilisini qətlə yetirmişdi, baxmayaraq ki, qadın əvvəlcədən onun tərəfindən izlənildiyini polisə bildirmişdi.
Rəqəmlər də problemin miqyasını göstərir: 2024-cü ildə Yaponiyada Bluetooth-un cinayət məqsədilə istifadəsinə dair 370 hadisə qeydə alınıb ki, bu da 2023-cü ildəki 196 faktla müqayisədə kəskin artımdır.
Məlumata görə, Yaponiyada 2021-ci ildən etibarən GPS texnologiyasının oxşar məqsədlərlə istifadəsi artıq qadağan edilib. İndi hökumət növbəti addım kimi Bluetooth-un sui-istifadəsini məhdudlaşdırmaqla qadınların təhlükəsizliyini gücləndirməyə çalışır.