“Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsinin təlimləri başa çatıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində keçirilən silsilə təlimlər uğurla yekunlaşıb.

Layihənin sonuncu – beşinci təlimi 31 iyul 2026-cı il tarixində Neftçala rayonunda təşkil olunub. Təlim “Azərbaycanda geotermal energetika” mövzusuna həsr edilib.

Təlim zamanı iştirakçılar geotermal enerjinin xüsusiyyətləri, ölkəmizdə bu sahənin inkişaf perspektivləri, alternativ enerji mənbələrinin əhəmiyyəti və dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfələr barədə ətraflı məlumat əldə ediblər. Mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə qrup işləri, müzakirələr və interaktiv tapşırıqlar təşkil olunub ki, bu da təlimi iştirakçılar üçün daha maraqlı və yaddaqalan edib.

Tədbirin sonunda layihə eksperti tərəfindən iştirakçıların əldə etdikləri bilik və bacarıqların yekun qiymətləndirilməsi aparılıb.

Eyni zamanda, sorğu vərəqləri vasitəsilə iştirakçıların təlimlərin məzmunu, təşkili və faydalılığı ilə bağlı rəyləri öyrənilib.

Layihə çərçivəsində keçirilən beş təlim zamanı iştirakçılar Azərbaycanda bərpaolunan enerji sahəsində mövcud potensial, külək, günəş, hidro və geotermal enerji mənbələri, eləcə də yaşıl enerjinin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf baxımından əhəmiyyəti barədə geniş biliklər əldə ediblər.

Beləliklə, “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi qarşıya qoyduğu əsas məqsədlərə nail olaraq iştirakçılarda yaşıl enerji sahəsində bilik və maarifləndirmə səviyyəsinin artırılmasına, ekoloji məsuliyyətin gücləndirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə mühüm töhfə verib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.