Yay tətili ləğv olunacaq? –

Nazir "son zəngi onlayn keçirmək olar" dedi
27 Aprel 2020 - 18:27

Təhsil naziri Ceyhun Bayramov yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirib. 

Nazir deyib ki, bütün mövcud real vəziyyət, yerli konteks, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək: “Bütün hazırlıq işləri aparılır. Bir məqam aydındır ki, bir sıra yeniliklər, mövcud reallıqlar nəzərə alınacaq, ancaq konkret vaxtla bağlı indi danışmaq düzgün olmaz”.

Təhsil naziri Ceyhun Bayramov bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə də aydınlıq gətirib.

C. Bayramov bildirib ki, hər kəsin həyatında “Son zəng” xüsusi yer tutur: “Amma prioritetləri düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət yetkin insanlardır. Bu tədbiri daha sonrakı mərhələdə də keçirmək olar. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək onlayn rejimdə də bunu keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hər birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik”.