Yay aylarında insanlar orqanizmi sərinlətmək və susuzluğu aradan qaldırmaq üçün günə bir stəkan buz kimi soyuq su ilə başlayırlar. Sosial şəbəkələrdə bunun maddələr mübadiləsini sürətləndirdiyi və arıqlamağa kömək etdiyi barədə çoxsaylı iddialar yayılsa da, mütəxəssislər bu vərdişə ehtiyatla yanaşmağı tövsiyə edirlər.
Azpost.info xəbər verir ki, qastroenteroloqların fikrincə, səhər yuxudan oyandıqdan sonra orqanizm mayeyə ehtiyac duyur. Lakin suyun temperaturu da əhəmiyyət daşıyır. Otaq temperaturunda və ya ilıq su mədə-bağırsaq sisteminin fəaliyyətinə daha uyğun hesab edilir.
Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən qastroenteroloq Mehmet Karaca bildirir ki, çox soyuq su bəzi insanlarda mədə spazmına və həzmdə narahatlığa səbəb ola bilər. Xüsusilə reflüks, qastrit və həssas bağırsaq sindromu olan şəxslər buzlu sudan uzaq durmalıdır.
Mayo Clinic və Harvard Health kimi tibb mərkəzlərinin məlumatlarına görə, sağlam insan üçün əsas məsələ suyun temperaturu deyil, kifayət qədər maye qəbuludur. İnsan orqanizminin təxminən 60 faizi sudan ibarətdir və gecə ərzində nəfəsalma, tərləmə nəticəsində müəyyən qədər maye itirilir.
Mütəxəssislər bildirirlər ki, səhər 250-400 millilitr su içilməsi böyrəklərin fəaliyyətini dəstəkləyə, qan dövranını aktivləşdirə və gün ərzində susuzlaşma riskini azalda bilər.
Dietoloq Günel Məmmədovanın sözlərinə görə, acqarına su içmək faydalıdır. “Ancaq buz kimi soyuq su yerinə ilıq və ya otaq temperaturunda su seçmək daha məqsədəuyğundur. Bu, xüsusilə həzm sistemi həssas olan insanlar üçün daha təhlükəsizdir.”
Araşdırmalar göstərir ki, gündəlik maye ehtiyacının düzgün ödənilməsi yorğunluğu azaldır, diqqəti artırır və istilərlə mübarizədə orqanizmə kömək edir. Yay mövsümündə isə təkcə su içmək kifayət deyil. Elektrolit balansını qorumaq üçün meyvə və tərəvəzlərin də qidalanmada payı artırılmalıdır.
Həkimlər xatırladır ki, ürək və böyrək xəstəlikləri olan şəxslər gündəlik maye miqdarını həkim məsləhəti ilə müəyyən etməlidirlər.