Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Azpost.info Fərid Əhmədovun dosyesini təqdim edir:
Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.
O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.
Fərid Əhmədov 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
F.Əhmədov 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub.