“Yeni müharibə olmayacaq, amma xırda toqquşmalar ola bilər” –

Politoloq Laçındakı vəziyyəti şərh etdi
14 May 2021 - 12:24

“Yeni müharibə olmayacaq. Ona görə ki, Ermənistan Azərbaycanla müharibə etmək imkanında deyil. Amma xırda toqquşmalar ola bilər”.

Azərbaycan və Ermənistan sərhədində son günlər baş verən gərginliyi politoloq, deputat Rasim Musabəyov “Turan”a belə dəyərləndirib.

Deputat vurğulayıb ki, Ermənistan Azərbaycanın Qazax rayonunda 7 kəndi və Dağlıq Qarabağda xeyli ərazini zəbt edib: “Qoy Yerevan və havadarları bunun cavabını versinlər. Ermənistan qoşunlarını bizim ərazimizdən çıxartmadan Azərbaycanın hərəkətlərini pisləməməlidir”,- Musabəyov deyib.

Sərhəddə baş verənlərə gəlincə, R.Musabəyov bildirib ki, Azərbaycan 10 noyabrda imzalanan üçtərəfli saziş çərçivəsində hərəkət edir: “Bu olayların arxasında siyasət axtarmaq əbəsdir, sadəcə, bizim əsgərlər sazişə uyğun olaraq sərhədimizi müəyyənləşdirir və bərkidirlər, bu zaman GPS-dən istifadə edilir”.

Onun fikrincə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan onu işğalda günahlandıra bilməz: “Azərbaycanın ərazisində silahlı qüvvələrini saxlayaraq Ermənistan Azərbaycana ərazi barədə irad bildirməməlidir”, – deputat əlavə edib.