Yeniyetmə muzeydə məşhur incəsənət əsərlərinə zərər vurub

ABŞ-ın Nyu-York şəhərində yerləşən Metropoliten İncəsənət Muzeyində yeniyetmə tərəfindən vandallıq hadisəsi törədilib. AzPost “The New York Times” nəşrinə istinadla xəbər verir ki, 19 yaşlı gənc muzeydə bir neçə rəsm əsərinə və tarixi qobelenə zərər yetirib.

Məlumata görə, o, XIX əsrə aid fransız rəssamı Jan-Ogüst Dominik Ənqrın “De Broyl şahzadəsi” adlı tablosunu su ilə isladıb və XVI əsr italyan ustası Cirolamo dai Libriyə məxsus “Müqəddəslərlə birlikdə uşaq İsa və Məryəm” adlı altar təsvirini cırıb.

Muzey rəhbərliyi bildirib ki, zədələnən əsərlərin bərpası üçün ilkin xərclər təxminən min dollar məbləğində qiymətləndirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirib. Onun Nyu-Yorkda otellərin birində yaşayan 19 yaşlı sakin olduğu bildirilib. Şəxs saxlanılıb və barəsində rəsmi ittiham irəli sürülüb.

Eyni zamanda, ABŞ-da incəsənət abidələrinə qarşı cinayətlərin artdığı qeyd olunur. Mütəxəssislər son aylar muzey və qalereyalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Qeyd edək ki, bu hadisə yaxın günlərdə Kaliforniyanın Oklend Muzeyində baş vermiş iri miqyaslı oğurluqla eyni dövrə təsadüf edir. Həmin oğurluq zamanı minə yaxın eksponat, o cümlədən qədim zərgərlik məmulatları və nadir fotoşəkillər oğurlanmışdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.