“Yol əhvalatı” filmindəki “Fərid” ad gününü qeyd edir –

Yusif Əlizadənin 74 yaşı tamam olur (FOTO)
01 İyul 2021 - 11:43
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktyor, rejissor Yusif Əlizadənin ad günüdür, 74 yaşı tamam olur.
Y.Əlizadə 1 iyul 1947-ci ildə Masallı rayonun İsi kəndində anadan olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqınının məlumatında deyilir ki, Y.Əlizadə 1970-1973-cü illərdə görkəmli pedaqoq Adil İsgəndərovun aktyorluq kursunda, 1973-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1973-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan Y.Əlizadə, 2006-2009-cu illərdə “Lider” televiziyasında dublyaj rejissoru olaraq çalışıb.
Y.Əlizadə tamaşaçı yaddaşında daha çox “Yol əhvalatı” filmindəki Fərid kimi qalıb.
Asim Cəlilovun ssenarisi əsasında Teymur Bəkirzadənin 1980-ci ildə quruluş verdiyi film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası üzərində qurulub.
Yusif Əlizadə film barədə deyib ki, bu filmdə çəkilməklə yanaşı, həm də rejissor assistenti olub: “Filmdə rejissor assistenti kimi işləyirdim. Fəridi oynamaq üçün müğənni Elxan Əhədzadə dəvət olunmuşdu. O, çəkilməli idi, paltarlarını da əvvəlcədən hazırlamışdıq. Ancaq Elxan həmin gün çəkilişə gəlmədi. Aydınlaşdırdıq ki, o qastrola gedib, hətta səfər qəfil baş tutduğu üçün bunu demək imkanı da olmayıb. Buna görə də ikinci rejissor Rafiq Dadaşov dedi ki, Elxan yoxdursa, Yusif Əlizadəni çəkək. Mənim də imtina etmək şansım olmadı. Çünki başqa aktyorlar da gəlmişdi, çəkiliş mütləq olmalı idi. Rolum çox yaxşı alındı, rejissor razı qaldı. Mustafa rolunun ifaçısı Gürcüstündan dəvət olunmuşdu. Teymur Bəkirzadənin istəyilə ”Ilk baxışdan məhəbbət” filmində baş rolu oynayan Vaxtanq Pançiludzeni Gürcüstandan dəvət etmişdik”.
Y.Əlizadə onu da qeyd edir ki, filmin maraqlı alınmasında Yaşar Nuri, Siyavuş Aslan, Hacı İsmayılov üçlüyünün, eyni zamanda Paşa rolunun ifaçısı Kamil Məhərrəmovun böyük rolu olub. Teymur Bəkirzadənin yarım kəlməsi, bircə mimikası onlara bəs edirdi ki, onlar rejissorun nə demək istədiyini o an tuturdular”.
“Azərbaycanfilm”in istehsal etdiyi filmlərin əksəriyyətində (“Arxadan vurulan zərbə”(rejissor assistenti, aktyor (sürücü), “De ki, məni sevirsən! (aktyor (milis işçisi), “Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – rejissor assistenti, “Bizi bağışlayın (rejissor assistenti, aktyor (taksi sürücüsü), “İstintaq” (aktyor (milis), “Yarımçıq qalmış mahnı”(rejissor assistenti, aktyor (zavod işçisi), “Yol əhvalatı”(rejissor assistenti, aktyor (Fərid), “Qorxma, mən səninləyəm” (rejissor assistenti, aktyor, “Musiqi müəllimi” (ikinci rejissor), “Avqust gələndə” (ikinci rejissor, aktyor (kapitan), “Qara gölün cəngavərləri” (ikinci rejissor, aktyor, “Bircəciyim” (ikinci rejissor, aktyor (təhqiqatçı), “Həm ziyarət, həm ticarət”(inzibatçı, aktyor), “Özgə vaxt” (inzibatçı), “Otel otağı” (inzibatçı), “Yalan” (ikinci rejissor) və s.) rejissor assistenti, II rejissor və aktyor kimi iştirak edib.