“Karantin rejimi ona görə tətbiq olunub ki, hərəkət və təmas minimuma endirilsin. Yoluxma riski yüksək olduğu üçün hamıya tövsiyəmiz ondan ibarətdir ki, mümkün qədər evdən kənara çıxmasın”.
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O xatırladıb ki, karantin rejimi martın 24-dən elan olunub: “Həmin gündən bəri Bakı, Abşeron, Sumqayıta giriş qadağa olunub. Sərnişindaşıma qadağan edilibsə, gediş-gəlişə ehtiyac yoxdur. Rayonlar və şəhərlərarası giriş dayandırılıb, ancaq bu o demək deyil ki, şəhər içində və yaxud Sumqayıt, Abşeronda hamı istəyi yerə getməlidir. Karantin elan olunubsa, yoluxma təhlükəsi varsa, hər kəs yaşadığı, qaldığı evdə qalmalıdır”.
Qeyd edək ki, koronavirusun yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən, martın 24-də saat 00.00-dan etibarən aprel ayının 20-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələri, habelə onların sürücü və sərnişinlərinin respublikanın digər şəhər və rayonlarına çıxışı məhdudlaşdırılıb.
Məhdudiyyət müddətinin artırılması, həmçinin qadağanın hər iki istiqamətə tətbiq edilməsi nəzərə alınaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, hazırda qeydiyyat ünvanından kənar şəhər və rayonlara getmiş hər bir şəxs təşkil edilmiş keçid postlarından yalnız qeydiyyatda olduğu ərazi istiqamətinə buraxılmır.