Yük avtomobilləri ilə narkotik daşınması kəskin artıb –Gömrük Komitəsi rəqəmləri açıqladı

“Yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin miqdarında kəskin artım qeydə alınıb”.

Azpost.info bildirir ki, bu barədə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq xarakter daşıyan qanunsuz dövriyyəsi: yayılma arealı və mövcud daşınma kanalları” mövzusunda keçirilən vebinarda çıxış edən Dövlət Gömrük Komitəsinin  Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov bildirib.

Məsum Rəsulov qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar sərnişinlərin sərhədkeçmə prosesinə tətbiq olunan məhdudiyyətlər səbəbindən faktların sayında azalma müşahidə olunsa da, əsasən yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin miqdarında kəskin artım qeydə alınıb.

Onun sözlərinə görə, gömrük orqanlarının səmərəli fəaliyyəti nəticəsində ötən il 3 ton 43 kiloqram 507 qram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb, 2020-ci illə müqayisədə 2021-ci ildə aşkar edilən narkotik vasitələrin miqdarı 2 dəfədən çox artıb. Ümumilikdə isə gömrük orqanları tərəfindən 2019-2021-ci illər ərzində 6 ton 522 kiloqram 640 qram əsasən təhlükəlilik dərəcəsi yüksək olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

M.Rəsulov bildirib ki, irimiqyaslı layihələr nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib və yaradılan əlverişli infrastruktur hesabına bu nəqliyyat dəhlizləri ilə daşınan yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin həcmi artıb. Baş İdarənin rəisi vurğulayıb ki, əlverişli nəqliyyat infrastrukturundan narkoqaçaqmalçılar da istifadəyə cəhd edir

Görülən qətiyyətli tədbirlər nəticəsində 2021-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub.

Vebinara ÜGT-nin Avropa Regionunda təmsil olunan 30 ölkənin gömrük administrasiyalarının 296 nümayəndəsi qatılıb.

Tədbirdə DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzi (CARICC), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Narkotiklərlə Mübarizə üzrə Tədris Akademiyası (NEA), ATƏT-in Bişkek Ofisinin ekspertləri və ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndələri iştirak ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir