“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlayır

Bu gündən sayca üçüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilir.

Müsabiqənin yarımfinal mərhələsi iyunun 30-dan iyulun 1-2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Yarımfinalda iştirakçıların 8 səriştəsi (strateji düşüncə bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Əvvəlki mərhələləri uğurla başa vuran 12 min 299 nəfərdən 343-ü yarımfinalda iştirak hüququ qazanıb. Yarımfinal mərhələsinə keçənlər arasında 1-ci müsabiqədən qatılan 18, 2-ci-dən 120 və bundan əvvəlki müsabiqələrin hər ikisində iştirak edən 62 nəfər iştirakçı yer alır.

Yarımfinal mərhələsindən sonra iyulun 15-16-da final mərhələlərinin keçirilməsi ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Əvvəlki məqalə

Son 10 gündə 31 narkotacir saxlanılıb –

Sonrakı məqalə

Rusiya elektronika mallarının alışında yuanla ödənişə keçib