Rusiyada xüsusi təyinatlı avtomobillərin hərəkət qaydalarına dəyişikliklər edilə bilər. AzPost xəbər verir ki, “Kommersant” nəşrinin yaydığı məlumata görə, Rusiya Nəqliyyat Nazirliyi Yol Hərəkəti Qaydalarına yeni düzəlişlər layihəsi hazırlayıb.
Dəyişikliyə əsasən, təcili tibbi yardım, yanğınsöndürən, polis və yüksək vəzifəli şəxsləri daşıyan avtomobillərin yaxınlığında olan sürücülər məcburi olaraq onların hərəkətinə şərait yaratmalıdır. Bunun üçün sürücülər ya bitişik zolağa keçməli, ya da təhlükəsiz şəkildə digər tədbirlər görməlidirlər.
Nəşr qeyd edir ki, əgər dəyişikliklər qüvvəyə minərsə, üzərində xüsusi rəng işarələri və mayaklar olan avtomobillər tərəfindən idarə olunan mütəşəkkil karvanların da hərəkətinə icazə veriləcək.
Qeyd edək ki, bu, Rusiya avtomobil sürücüləri üçün 2025-ci ildə planlaşdırılan ilk sərtləşdirmə deyil. Daha əvvəl Dövlət Duması Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin səlahiyyətlərinin genişləndirilməsi və sürücülük vəsiqələrinin ləğvi ilə bağlı qərar qəbul etmək təşəbbüsü ilə çıxış etmişdi.
Yeni dəyişikliklər layihəsi hazırda ictimai müzakirə mərhələsindədir və qəbul ediləcəyi təqdirdə yol hərəkəti iştirakçılarının davranış qaydalarına ciddi təsir göstərəcək.