“Zəngəzur dəhlizi sülh üçün mühüm vasitə ola bilər” –Prezidentin xüsusi nümayəndəsi

Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər.

Bu fikri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Avrasiyada əməkdaşlığın yeni dinamikası” panel müzakirəsində çıxışı zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov söyləyib.

“Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, nəinki Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada bilər, həm də İrəvanın regionda iqtisadi təcridinə son qoya bilər.

Bundan əlavə, bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə, Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və onlara fayda gətirəcək.

Həmçinin Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropa ilə birləşdirə bilər”, – deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb.

Üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvanın nəhayət bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcəyinə ümidvar olduğunu söyləyən E.Əmirbəyov bildirib ki, əks təqdirdə, arzulanan qovşağın regional dalan kimi qalmaq riski var. (Azərtac)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.