Zabit və gizirlərin sosial müdafiəsi ilə bağlı qərarlar hazırlanır –

Mənzil, ipoteka və ərzaq təminatında güzəştlər olacaq  
24 Fevral 2020 - 23:49

Bu gün bir qrup ehtiyatda və istefada olan hərbi qulluçunun Nazirlər Kabinetində Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri əvəzi Bəhruz Məmmədovla görüşü keçirilib.

Azpost.info-nun məlumatına görə, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “AzeriDefence”yə açıqlamasında bildirib ki, qəbulda Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, o cümlədən digər güc stukturlarında xidmət etmiş zabitlər iştirak ediblər.

Üzeyir Cəfərov bildirib ki, görüşdə ilk növbədə zabit və gizirlər ərzaq əvəzinə verilən pul kompensasiyasının məbləğinin artırılması ilə bağlı məsələnin həll olunmaması ilə bağlı bütün güc strukturlarının nümayəndələrinin narahatçılığı diqqətə çatdırılıb: “Görüş zamanı hərbi qulluqçuların daimi və ya xidməti mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədiylə formal deyil, real, işlək mexanizmlərin hazırlanması üçün təcili addımların atılması, o cümlədən hərbi xidmət zamanı bu və ya digər səbəblərdən həyatını itirmiş hərbi qulluqçuların ailə üzvlərinin pensiya ilə təmin edilməsi məsələsinin əvvəlki qaydaya qaytarılması qaldırıldı. Habelə güc strukturlarının bütün şəxsi heyətinin-istər xidmətdə olan, istərsə də ehtiyatda və istefada olan şəxslərin həm özlərinin, həm də ailə üzvlərinin tibbi təminat məsələlərinin güzəştli şərtlərlə həyata keçirilməsi məsələsinin həlli üçün təxirəsalınmaz addımların atılması məsələsi, o cümlədən ölkənin əlaqədar qurumlarının güc strukturlarından ehtiyata çıxan təcrübəli mütəxəssilərin dövlət və hökumət strukturlarında, həmçinin özəl qurumlarda işlə təmin olunması məsələsinin daima diqqətdə saxlanılması məsələləri qaldırıldı”.

Nümayəndə heyəti hərbçiləri narahat edən məsələlərin tez bir zamanda qanunvericilik şəkilində həll olunması üçün dövlət rəhbərliyi qarşısında qaldırılmasını xahiş ediblər.

Nazirlər Kabinetinin Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri əvəzi Bəhruz Məmmədov bildirib ki, zabitləri narahat edən ərzaqla, mənzillə, o cümlədən bir neçə digər məsələlərlə bağlı müsbət qərarlar var. Yaxın vaxtlarda o məsələlərlə bağlı hərbçilərin gözlədiyi şad xəbərlər olacaq: “Danışıqlardan belə başa düşdüm ki, ərzaq məsələsi ilə bağlı yaxın günlərdə müəyyən addımlar atılacaq”, – deyə Ü.Cəfərov vurğulayıb.

Ü. Cəfərov bildirib ki, görüşdə həmçinin ipoteka ilə ev alan hərbçilərlə bağlı təklif səslənib, onların həlli məsələsi qoyulub və müsbət qarşılanıb: “Qaldırılan məsələlər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı məsələlər də var idi. Digər bir məsələ qüsursuz xidmət edən hərbi qulluqçulara mənzil verilməsi ilə bağlı məsələ idi. Bununla bağlı yaradılan komissiyanın tərkibində digər güc strukturları, o cümlədən də Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin adı yoxdur. Bildirdik ki, ya komissiyanın tərkibində DSX nümayəndələri olmalıdır ya da ki, ayrıca komisiya olmalıdır. Bu qaldırılan məsələlərin də hamısı dinlənildi və müsbət qarşlandı. Bizim qaldırdığımız məsələlər içərisində hərbi qulluqçuların ictimai nəqliyyatdan pulsuz istifadə etməsi də var idi. Nazirlər Kabineti rəsmisi bildirdi ki, hələ bu haqda müzakirə olunmayıb. Qaldırılan məsələ ilə bağlı təkliflər olacaq. Hazırda bir sıra sənədlər hazırlanır, yenilənir. İcra strukturlarının ehtiyata buraxılan hərbçilərlə bağlı 6 ay müddətində mənzil və ya torpaq sahəsi ilə təmin olunması məsələsi barədə bildirildi ki, bu məslələni praktiki işlək vəziyyətə gətirilməsi lazımdır. Bununla bağlı da müəyyən addımlar atılacaq”.

Nümayəndə heyəti qaldırdıqları məsələlərin müsbət nəticə verəcəyinə ümidvar olduqlarını bildiriblər. Nümayəndə heyətinin martın 12-də Prezidentin köməkçisi – Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevlə görüşəcəkləri planlaşdırılıb.