Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya tərəfinin verdiyi itkilər və hərbi potensialının zəifləməsi onu real diplomatiyaya razı olmağa vadar edəcək. AzPost xəbər verir ki, o, bu fikirləri “Buxarest doqquzluğu” və Skandinaviya ölkələrinin sammitində çıxışı zamanı səsləndirib.
Zelenskinin sözlərinə görə, Rusiya hazırda yay hücumuna başlasa da, eyni zamanda danışıqlara məcbur qalır: “Bu, mühüm məqamdır. Bir tərəfdən düşmən hərbi aktivliyi artırır, digər tərəfdən isə diplomatik müstəviyə çəkilmək məcburiyyətindədir. Bu, bizə və tərəfdaşlarımıza bu müharibəni dayandırmaq üçün bir fürsət verir”.
Dövlət başçısı həmçinin qeyd edib ki, Ukrayna və onun tərəfdaşları – xüsusilə Avropa və ABŞ – Rusiyadan daha üstün silah sistemlərinə malikdir: “Bizim daha effektiv taktiki həllərimiz var. “Pautina” əməliyyatı bunu sübut etdi. Rusiya itki verməyin və bunun nəticələrinin nə olduğunu anlayacaq və bu, onu diplomatik addımlar atmağa məcbur edəcək”.
Zelenski əlavə edib ki, bu müharibədə Ukraynanın apardığı mübarizə təkcə öz təhlükəsizliyi üçün deyil, bütün Avropanın müdafiəsi naminədir.