Zelenski Trampın sülh planını rədd etdi –London danışıqları iflasa uğradı

Tramp
Tramp

Londonda baş tutacaq Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sülh danışıqlarının səviyyəsi ciddi şəkildə aşağı salınıb. İclasda hətta diplomatlar deyil, yalnız ekspertlər iştirak edəcək.

Nə baş verdi?

Ukrayna rəsmiləri Trampın sülh planını deyil, 30 günlük atəşkəs razılaşmasını müzakirə etmək istədiklərini dedikdən sonra dövlət katibi Marko Rubio Londona səfərini ləğv edib. “Axios” nəşri bu barədə danışıqlarda iştirak edən adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər verir. “The New York Time” qəzetinin yazdığına görə, Rubio Vladimir Zelenskinin Ukraynanın Krımı heç vaxt Rusiya kimi tanımayacağını deməsindən sonra görüşdə iştirak etməmək qərarına gəlib.

Bundan sonra görüşün bütün konsepsiyası dağılmağa başlayıb: Rubionun ardınca Fransa, Almaniya və Böyük Britaniya diplomatları tədbirə qatılmaqdan imtina edib. AFP xəbər verir ki, daha sonra görüşün baş tutacağı, lakin aşağı səviyyəli rəsmilərin iştirak edəcəyi məlum olub.

Trampın sülh planı nədir?

Ötən cümə günü ABŞ Ukraynaya Trampın münaqişənin həlli üçün yeddi bəndi ehtiva edən sülh planını təhvil verib. Axios-a görə, bunlara aşağıdakılar daxildir:

— Ukrayna üçün “etibarlı təhlükəsizlik zəmanətləri”: Avropa ölkələrinin və ola bilsin ki, qeyri-Avropa ölkələrindən olan müttəfiqlərin  xüsusi yaradılmış qrupunun sülhməramlıları. Lakin sənəddə bu qrupun konkret olaraq necə fəaliyyət göstərəcəyinə aydınlıq gətirilmir və ABŞ-ın iştirakı qeyd olunmur.

— Ukrayna Xarkov vilayətinin kiçik bir hissəsinə nəzarəti bərpa edir.

— Ukraynanın cənubunda cəbhə xətti boyunca axan Dnepr çayının maneəsiz keçməsi.

— Ukrayna kompensasiya və yenidənqurmada yardım alacaq, lakin vəsaitin haradan gələcəyi bəlli deyil.

Sənəddə Rusiya üçün şərtlər də göstərilir: Krım Rusiya ərazisi kimi tanınır, münaqişə hazırkı cəbhə xətti boyunca dondurulur və hazırda onun nəzarətində olan ərazilərin əksəriyyəti “de-fakto” Rusiya kimi tanınır. Rusiyaya həmçinin Ukraynanın neytral statusunu saxlayacağına və ABŞ-ın 2014-cü ildən sonra tətbiq etdiyi sanksiyaların ləğvinə zəmanət verilir. Rusiya xüsusilə enerji və sənaye sektorlarında ABŞ ilə əməkdaşlığı genişləndirəcək.

Plana görə, ABŞ Zaporojye AES-ə nəzarəti ələ keçirəcək: stansiya Ukrayna ərazisi sayılsa da, onu amerikalılar idarə edəcək. İstehsal olunan elektrik enerjisi həm Rusiya, həm də Ukraynaya tədarük ediləcək. ABŞ və Ukrayna mineral ehtiyatlar üzrə də saziş imzalayacaq.

Tramp əvvəllər bunun 24 aprel cümə axşamı günü baş verəcəyini demişdi.

Ukrayna tərəfinin reaksiyası

Plan çərşənbə axşamı axşam dərc edildikdən sonra Zelenski Krım təklifini tənqid edib. “Ukrayna qanuni olaraq Krımın işğalını tanımır. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir. Bizim bu mövzuda danışacaq heç nə yoxdur – bu, bizim Konstitusiyamızdan kənardır”, – o, yerli mediaya bildirib. Həmçinin London görüşündən əvvəl Ukrayna nümayəndə heyəti Trampın sülh planını deyil, 30 günlük atəşkəs rejimini müzakirə etmək istədiyini bildirib.

Avropanın reaksiyası

“The Wall Street Journal” yazır ki, Trampın sülh planı ilə bağlı Fransa və Böyük Britaniya diplomatları da məlumatlandırılıb. Fransa və Britaniya rəhbərliyi Ukraynanın rəsmi olaraq Rusiya Federasiyasının tərkibinə daxil olan bəzi ərazilərin itirilməsini etiraf etməyə razı olduğu “ssenariyə açıqdır”. Ölkələr Kiyevin ərazilərin itirilməsini rəsmi təsdiq olmadan yalnız de-fakto tanıması variantına üstünlük verəcəklər.

Lakin Marko Rubionun səfərini ləğv etməsindən sonra Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri də eyni addımı atıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff da səfəri ləğv edib. Əvəzində Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və Ukrayna rəsmiləri görüşdə iştirak edəcək. Bununla belə, Britaniya Xarici İşlər Nazirliyi rəsmi səviyyədə danışıqların davam etdiriləcəyini vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.