Vətən müharibəsində mülki şəxslərə hücumlar məhkəmədə araşdırılır.
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları barəsində aparılan cinayət işi üzrə prosesdə zərərçəkmiş Şamama Quliyeva ifadə verib. AzPost xəbər verir ki, Quliyeva ifadəsində 2020-ci ilin oktyabrın 19-da Ağdam rayonunun Bənövşələr qəsəbəsində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində yaralandığını bildirib.
O, həmin hücum zamanı qızı Maya Quliyevanın və hərbi jurnalist Anar Şuşalının (Anar Həsənov) da xəsarət aldığını qeyd edib. Eyni zamanda evinin də zərər gördüyünü deyən Quliyeva, təqsirləndirilən şəxslərə üz tutaraq bunları söyləyib: “Müharibəni mülki şəxslərlə aparmazlar. Qocaları, uşaqları öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi”.
Məhkəmə sənədlərində bildirilir ki, Ermənistanın təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, həmçinin müharibə cinayətləri, soyqırımı və digər ağır ittihamlar üzrə cinayət işi açılıb. Təqsirləndirilən şəxslərə qarşı həmçinin terrorçuluq, onun maliyyələşdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi kimi maddələrlə də ittiham irəli sürülüb.
İttiham olunanların məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək. Bu iş üzrə digər zərərçəkmişlərin ifadələrinin də dinləniləcəyi gözlənilir.