Əli Məsimli: “İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı sandıqlardakı pulları çıxarmağın vaxtıdır”

11 Dekabr 2020 - 12:05

“Əmanətlərin tam sığortalanması ilə bağlı qanuna təklif edilən dəyişikliklər makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin möhkəmlənməsinə kömək edəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

O bildirib ki, banklarla Milli Məclisin dialoqunun keçirilməsini uzun illərdir təklif edirlər: “İki gün əvvəl bu dialoq Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin Mərkəzi Bankın rəhbərinin iştirakı ilə keçirilən iclasında təmin edildi. Banklarda bürokratik məqamlar var. Şəhid ailələri və qazilərlə bağlı da bu məqamlar var, yaxşı olardı ki, banklar bu məqamları aradan qaldırsın”.

Deputat qeyd edib ki, qorunmayan əmanətlərlə bağlı məsələlərə də baxmaq lazımdır: “Bu məsələyə baxılmalıdır. Qorunmayan əmanətlərlə bağlı məsələ də yaxşı olardı ki, qanunda nəzərdə alınsın. Eyni zamanda məzənnə dəyişən zaman qorunan və qorunmayan əmanətlərə bunun necə təsir edəcəyi də nəzərə alınmalıdır. Əmanətlərin çoxu 6-12% arasında qəbul edilir. Bəziləri yüksək faizlə bunu qəbul edir. Bunun da aqibəti nəzərə alınmalıdır. İkincisi, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı sandıqlarda olan pulları çıxarmaq vaxtıdır. Bu işdə bütün yükü dövlətin üzərinə atmaq olmaz. Burada bir sıra mexanizmlər işlənib hazırlanmalıdır. Yazda biz yenidən bu sənədə baxmalı, yeni təklifləri qanunda nəzərə almalıyıq”.