Azərbaycan cazından danışarkən bu gün anadan olmasının 87-ci ili tamam olan istedadlı bəstəkar, Xalq artisti, cazmen, pianoçu Rafiq Babayevin adını xatırlamamaq mümkün deyil.
Milli cazın korifeylərindən olan Rafiq Babayev 1936-ci il martın 31-də Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb. Caz musiqisinə böyük həvəsi, improvizasiya etmə bacarığı, ailədən gələn musiqiçi istedadı, sanki bu gəncin gələcək həyat yolunu müəyyən edirdi. Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanır və caz dünyasına ilk addımlarını atmış olur.
Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarının laureatı olur. Ötən əsrin 60-cı illərində ikinci baharını yaşayan milli caz Rafiq Babayevin töhfələri ilə səsini bir daha bütün dünyaya çatdırır. 1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilir.
Ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışır. Yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəmir. Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görülür. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.
Həyat yolu Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi milli musiqimizin görkəmli simaları ilə kəsişən Rafiq Babayevin hərtərəfli şəxsiyyəti mədəniyyətimizdə öz izini qoymaqla bərabər, yeni musiqiçilər nəslinin nümayəndələri üçün də ilham mənbəyi olan bir məbəddir. 1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyası daha sonra bir sıra müğənnilər tərəfindən oxunsa da, Rafiq Babayevin ifasında təkrarolunmazdı.
Lakin dünyanın lənətlədiyi terror bu böyük sənətkarın həyatına son qoydu. 19 mart 1994-cü il. Bakı metrosunda törədilmiş terror nəticəsində 14 həmvətənimiz öldü. Ölənlər arasında Xalq artisti, Azərbaycanın caz musiqisi sənətinin yeni parlaq səhifələrini yaradan Rafiq Babayevin də adı var. Ömründə ilk və son dəfə yer altına enən dahi sənətkar həyata elə oradaca əlvida dedi.
Bu gün anadan olmasının 85-ci ildönümü tamam olan Rafiq Babayevin əziz xatirəsi “Kədərimiz… Vüqarımız”, “Günorta qatarı” filmlərində, qızı Fərizə Babayeva və sənətşünas Rauf Fərhadoğlunun müəllifi olduğu “Rafiq Babayev: mövzudan improvizəyə” kitabında və ən əsası hər bir azərbaycanlının düşüncələrində yaşayır.